Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 17:10:00
Mənsum İbrahimov  və Flora Kərimovanın ilk dərs günü xatirələri: “Anam öz paltarını mənə tikdi ki, məktəbə gedim”

15 sentyabr Azərbaycanda "Bilik günü" kimi qeyd olunur.

Azərbaycanın tanınmış xalq artistləri ilk dərs günü xatirələrini AzEdu.az-la bölüşüblər.

Flora Kərimova: “Gecə oyanıb gördüm ki, sabah məktəbə gedə bilim deyə anam öz paltarını mənə tikib”

Xalq artisti ilk dərs gününü məhz bu cür xatırlayır:

“Birinci sinfə 71 il öncə getmişəm. Həmin tarix müharibədən sonrakı vaxtlara təsadüf edib. Buna baxmayaraq ölkə kasıblığımız hiss olunmasın deyə əlindən gələni etdi. O zaman kimsəsizlərə paltar paylayardılar,  yemək verirdilər. Biz çox kasıb idik. Gecə oyanıb gördüm ki, sabah məktəbə gedə bilim deyə, anam öz paltarını mənə tikib”.

Mənsum İbrahimov: “Çox sakit və utancaq uşaq olmuşam”

Xalq artisti, xanəndənin sözləriylə desək, o, ilk müəllimi Sənubər xanımı hələ də unuda bilməyib:

“Birinci sinfə Ağdamda getmişəm. İndiyə qədər bizə əlifbanı, partada əyləşməyi öyrədən, bizim ana qədər qayğımıza qalan ibtidai sinif müəlliməm Sənubər xanımı hörmətlə xatırlayıram. Məktəbimiz 8 illik və çox ciddi nizam- intizamın hökm sürdüyü təhsil ocağı olub. O dövrdə mənimlə oxuyan uşaqlar yüksək göstəricilərlə ali təhsil müəssisələrinə qəbul olunublar və hazırda da yaxşı vəzifələrdə çalışırlar.

Birinci dəfə dərsə gedəndə uşaqda istər-istəməz kövrəklik yaranır. Çox sakit, sözəbaxan, utancaq uşaq olmuşam. Sonra müəlliməmizin səyləri nəticəsində hər birimiz böyük həvəslə dərslərimizi öyrənir və səhər tezdən durub həvəslə məktəbə gedirdik”.

Mənsum İbrahimov fürsətdən istifadə edərək bütün şagird, tələbə və müəllimləri bir sözlə, təhsil işçilərini “Bilik günü” münasibətilə təbrik edib.

Gülyaz Məmmədova: “İbtidai sinif müəlliməm də daxil olmaqla, sinfin yarısı qohumum idi”

Xalq artisti Gülyaz Məmmədova məktəbə kəndin bu başından o başına piyada getdiyi zamanları xatırlayır:

“Birinci sinfə Şəkinin Böyük Dəhnə kəndində getmişəm. Məni  İlk dəfə məktəbə qardaşım aparıb. Oturub maraqla müəllimlərin üzünə baxırdıq. Həmin gün kövrəlmişdim. İbtidai sinif müəlliməm dayımın həyat yoldaşı olub. Sinifdə təhsil alacaq 31 şagirddən 15-i isə qohumlarım idi:  “Xalam, əmim, dayım qızları ilə bir yerdə oxumuşam. Ən böyük maraq da bu olub.  Kəndin bu başından o başına dərsə getdiyim yola indi baxanda bu yolu piyada necə gedə bildiyimi düşünürəm. Məktəbimiz çox köhnə idi. Hazırda yaradılan şəraitə görə isə ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları