Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-06 10:48:00
Şagirdlərə XXI əsr bacarıqlarının aşılanmasında innovativ yeniliklər  

Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını inkişaf etdirmək hazırkı dövrümüzdə olduqca vacib bir məsələdir. Şagirdlərinin respublika çapında uğurlar və keyfiyyət baxımından daha da nüfuz qazanması üçün hər bir məktəb  müəyyən addımlar atmalıdır.  Müasir dövrün hər bir fərdindən ən çox tələb olunan xüsusiyyətlər kreativlik, tənqidi düşünmə, əməkdaşlıq, analiz və s. kimi məsələlərdir. Ümumtəhsil müəssisələrində şagirdlərə praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini göstərmək, onlara mühəndislik səriştələri öyrətməklə yanaşı, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltmək olduqca böyük önəm daşıyır.

 

Hazırki dövrümüzdə şagirdlərdə elmi, texniki bacarıqların inkişaf etdirilməsi məsələsinin önəmi dərk olunur və bununla əlaqəli ölkə miqyasında müxtəlif layihələr həyata keçirilir. Bu layihələrə misal olaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə  2019-2020-ci tədris ilindən start götürən "STEAM Azerbaijan" layihəsini misal göstərmək olar. 2021-2022-ci tədris ilindən etibarən Respublika üzrə STEAM layihəsinin əhatə edəcəyi şagird sayı 302 ümumtəhsil məktəbindən 50000–100000 nəzərdə tutulur. Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində ölkə üzrə 15 STEAM Mərkəzinin yaradılması nəzərdə tutulub.

 

STEAM Mərkəzinin öz uğurunu yaratmasına dəstək olduğu gənclərimizdən biri də Tovuz rayonunun Bozalqanlı kəndinin 9-cu sinif şagirdi Mirhəşim Məmmədlidir. O rubik kubu yığan robot hazırlamışdı. Bu robotun ərsəyə gəlməsində texniki avadanlıqların təchizi və digər lazımi şəraitin formalaşdırılması həmin məktəbdə yaradılan STEAM Mərkəzinin imkanları hesabına başa gəlmişdir.

 

 

AzEdu.az açıqlamasında Azərbaycan Gənc müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə də bu məsələnin önəmi ilə əlaqədar öz rəyini bildirdi.

 

“Son illərdə rəqəmsal bacarıqların formalaşdırılması məqsədilə tədbirlər həyata keçirilir. STEAM Mərkəzlərinin yaradılması və “Sabahın alimləri” müsabiqəsi şagirdlərin elm istiqamətdə inkişafına töhfə verir. Eyni zamanda SAF 1, SAF 2 festivalları da şagirdlərin bacarıqlarının inkişaf etdirilməsi üçün təşkil olunan müsabiqədir. Bununla yanaşı, innovasiyaların tətbiqi, texniki bilgilərin aşılanması şagirdlərin bu sahədə inkişafına, hətta onların ölkəmizi dünya arenasında təmsil etməyinə genişmiqyaslı imkanlar açır”.

 

Qeyd edək ki, bu tədbirlərin bütün məktəblərdə həyata keçirilməsi əhəmiyyətli bir məsələdir. Çünki ölkədə yüksək savada malik gənclərin yetişməsində xüsusi olaraq orta təhsil mərhələsi çox böyük önəm daşıyır.