Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 10:50:23
Nazir müavini MİQ imtahanları ilə bağlı hamını maraqlandıran statistik göstəriciləri açıqladı

Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi təhsil konfransı keçirilib. 

AzEdu.az xəbər verir ki, konfransda çıxış edən təhsil nazirininin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu müsabiqəsində statistik göstəriciləri açıqlayıb:

“2018/2019-cu tədris ili üçün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ  tərəfindən 1145 vakansiya təqdim edilib.         

Xüsusilə vurğulamaq istərdik ki, ümumtəhsil müəssisələrində vakansiyalar müəyyənləşdirilərkən, məktəbdə ixtisas üzrə müəllimlərin orta dərs yükünün 18 saatdan az, optimal həddən (24-27 saat) yuxarı olmaması ciddi tələb kimi qoyulub.

Təqdim edilmiş vakansiyalar üzrə Nazirlik tərəfindən hazırkı dövrə ümumilikdə  772  nəfərin daimi əsaslarla işə qəbulu həyata keçirilib. Bundan 97 vakansiya müəllimlərin işə qəbulu üzrə müsabiqədə zəruri keçid balını toplayaraq ümumi təhsil müəssisələrində vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticələrinə uyğun olaraq həyata keçirilmiş daimiləşmə prosesi nəticəsində, 265 vakansiya Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində, 410 vakansiya isə Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin hazırkı tarixə başa çatmış mərhələləri nəticəsində təmin edilib.

Müəllimlərin işə qəbulu müsabiqəsində tutulmayan və sonradan yeni yaranan vakansiyaların, eləcə də müəyyən səbəbdən (xəstəlik, sosial məzuniyyət və s.) işdə olmayan müəllimlərlə əlaqədar yaranan kadr ehtiyacının təmin edilməsi prosesi hazırda davam edir”.

Məhəbbət Vəliyevanın sözlərinə görə, 2018/2019-cu tədris ili üçün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 790 pedaqoji işçi işə götürülüb:

“Artıq 4 ilə yaxındır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində inzibati-idarəetmə və tədris-koməkçi heyətin (direktor müavinləri, psiхоlоqlar, uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar, Gənclərin Çağırışaqədərki Hazırlığı (GÇH) üzrə rəhbərlər) işə qəbulu prosesi müəssisələrin daha yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə müsabiqə qaydasında həyata keçirilir.                                                                                                      

Ötən tədris ilinin əvvəlində ümumtəhsil müəssisələrində qeyd edilən vəzifələr üzrə işə qəbul müsabiqəsinin onlayn platforma əsasında həyata keçirilməsi məqsədilə http://musabiqe.baku.edu.az/ domen adlı portal istifadəyə verilib.                               

Artıq müvafiq vəzifələrə işə qəbul adı çəkilən portal vasitəsilə həyata keçirilir. Belə ki, ötən tədris ili ərzində təşkil edilən müsabiqələr vasitəsilə ümumi təhsil müəssisələrində ümumilikdə 280 nəfərin işə qəbulu həyata keçirilib.                                                                                 

Yeni tədris ili ərəfəsində Təhsil Nazirliyindən daxil olmuş müvafiq əmrlərə əsasən 12 nəfər direktor vəzifəsinə təyin edilib, 11 direktorun iş yeri dəyişdirilib, 90 nəfər direktorun müddətli əmək müqaviləsinin müddəti uzadılıb, 3 direktorun daimi əsaslarla təyinatı həyata keçirilib, müddətli müqavilə çalışan 3 direktorla əmək müqaviləsinə xitam verilib, 9 direktorla bağlanmış əmək müqaviləsi digər əsaslarla (öz ərizəsi əsasında, tərəflərin iradəsindən asılı olmayan hal, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib.                                          

Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən çalışmanın yaş hədinə çatmış 25 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb, 6 direktorun əmək müqaviləsinə xitam verilib”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları