Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-29 13:03:00
“Azərbaycan  ədəbiyyatı  tarixi”  kitabı  yenidən  çap edildi-ADPU-dan TÖHFƏ     

                                   

 

Böyük  Türk  alimi  İsmayıl  Hikmətin  1928-ci  ildə  Azərbaycanda  nəşr  olunan  iki  cildlik “Azərbaycan  ədəbiyyatı  tarixi”

kitabı  yenidən  işıq  üzü  görüb.                                        

                                                          

Kitabın  ərsəyə  gəlməsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin  dörd  böyük  aliminin  əməyi var.  Nəşrin ideya  müəllifi filologiya  elmləri  doktoru, professor,  universitetimizin Beynəlxalq  Əlaqələr  üzrə  prorektoru, əməkdar müəllim  Mahirə  Nağıqızı, transliterasiya və tərtib edənləri, “Ön söz”, “İzah və qeydlər”in  müəllifləri filologiya  elmləri  doktoru, professor , əməkdar  müəllim  Təyyar  Salamoğlu  və  Cəlilabad  filialının  dosenti, filologiya  üzrə  fəlsəfə doktoru Yədulla  Dadaşlı, elmi redaktoru  filologiya  elmləri  doktoru, professor, əməkdar  müəllim  Yaqub  Babayevdir.  

 

Kitab  “İLĞIM  ƏDVİYYATLARI”nın  sponsorluğu ilə “Elm və təhsil” nəşriyyatında  nəşr olunub.  Universitetimizin  Elmi Şurasının 14 sentyabr 2022-ci il tarixli qərarı ilə çap edilib elmi  ictimaiyyətə  təqdim olunan  bu  kitab    XIII-XVII əsrləri  əhatə  edən zaman kəsiyindəki  Azərbaycan  ədəbiyyatının   öyrənilməsi üçün  ilk  mötəbər  və sistemli   elmi  mənbədir.

 

Əsər  transliterasiya   edilərkən   müəllifin   üslubuna   toxunulmamış ,  mətn  olduğu  kimi saxlanmışdır.  Kitabda  İsmayıl  Hikmətin  şəkli,  tərcümeyi-halı, əsərin  yeni  nəşrinin    ideya  müəllifinin  “Hər şey  Nəsimidən başladı” adlı  yazısı,    tərtibçi  alimlərin  “İsmayıl Hikmətin  “Azərbaycan  ədəbiyyatı  tarixi”  və ədəbiyyat  tarixçiliyimizin bəzi  metodoloji  problemləri”  adlı      geniş  müqəddimə,  hər cild  üçün    ayrı  “izah  və  qeydlər” də yer  alıb.

 

Xüsusi vurğulamaq istəyirik  ki, professor Təyyar  Salamoğlu  və dosent Yədulla  Dadaşlının  yüz  otuz  səhifəlik  “Ön söz” ü Azərbaycanda İsmayıl Hikmətin elmi fəaliyyətinə  dair tədqiqatların sırasını zənginləşdirən monoqrafik və metodoloji xarakterli araşdırmadır.

 

 Qeyd edək ki,   İsmayıl Hikmətin  türkçülük konsepsiyası ilə yazılmış  “Azərbaycan  ədəbiyyatı  tarixi”  əsəri  XX əsrin 20-30-cu illərində  sovet  rejiminin  antitürk  siyasətinin  qurbanı  olmuş, nəşrindən dərhal sonra kəskin tənqidlərə məruz qalmış, gözdən salınıb.

 

Buna görə də uzun illər orta əsrlər ədəbiyyatımıza dair çox zəngin ilk mənbələr əsasında yazılmış bu sistemli tədqiqat ədəbiyyat tarixçiliyimzdə layiq olduğu yeri tuta bilməmişdir.

 

Düşünürük ki,  Azərbaycan-Türkiyə  qardaşlığının  daha da  möhkəmləndiyi , türk  xalqlarının  birliyi   uğrunda  dövlətlərimizin  mübarizə  apardığı  müasir dövrümüzdə  kitabın  yenidən nəşri   çox böyük elmi və hətta siyasi əhəmiyyət kəsb edir. İdeya  müəllifinin də  yazdığı  kimi:

 

“İnanırıq ki, ilk  nəşrindən yüz ilə  yaxın bir  müddətin keçdiyi bu kitabın  yeni  nəşri  ədəbi-elmi ictimaiyyətimizin tərəfindən  maraqla  qarşılanacaq,  mütəxəssislərimiz  orta  əsrlər Azərbaycan ədəbiyyatının  tədqiqində bu  dəyərli əsərdən səmərəli  və  obyektiv  şəkildə  faydalana  biləcəklər”.

                                                                                      ADPU-nun müəllimi Məhrux Dövlətzadə.