Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-28 14:52:00
Repetitorluq heç zaman ləğv olunmayacaq – Çıxış yolu

 

 

“Təhsil sistemi keyfiyyət məsələsinə ciddi riayət etdiyi halda repetitorluq fəaliyyəti ləğv oluna bilər”

 

Təhsil aldıqları məktəbdə yiyələndikləri biliklə kifayətlənməyib repetitordan dərs almaqla ali məktəblərə qəbul imtahanlarına hazırlaşanların sayı artmaqdadır. Bu barədə  Milli Məclisin dünənki iclasında  deputat Fəzail Ağamalı repetitorluğun orta məktəbləri dağıtdığını və “Təhsil haqqında” qanunun yenidən işlənilməsi gərəkdiyini vurğulayıb.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında tanınmış pedaqoq Sona Əliyeva repetitorluq fəaliyyətinin sıradan çıxmasının mümkün olmadığını deyib:

 

“Repetitorluq sistemi ləğv oluna bilməz və olunmayacaq. Hər kəsin təhsillə ya birbaşa ya da bilavasitə əlaqəsi var. Hansı yaşda uşaqlar məktəbdədir, yaxud məktəbdən kənardadır, bunu hamı çox gözəl bilir. Bu reallıqları danmaq mümkün deyil. İnsanların gündəlik tələbatları  kimi təhsilə də ehtiyac var. Hər kəsdə bu tələbata birmənalı şəkildə bağlıdır. Buna görə də, repetitorluq sistemi indiki reallıqda ləğv oluna bilməz”.

 

Pedaqoq, bu sahədə hansı dəyişikliklərin edilə biləcəyindən söz açıb:

 

“Repetitorluq fəaliyyətində dəyişikliklərə gəldikdə isə, bu sahəni daha da qanuniləşdirə və qeyri-leqal repetitorluq sistemini aradan qaldıra bilərlər. Repetitorların əksəriyyəti kursları və məşğələləri dərsdən sonra edirlər. Bu səbəbdən, heç bir şəkildə buna müdaxilə edilə bilməz. Burada qanunsuzluq yoxdur. Repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslər onsuz da  müəllimlərdir. Onlar öz bilik və bacarıqlarını sataraq əlavə gəlir əldə edirlər.

 

Təhsil sistemi keyfiyyət məsələsinə ciddi riayət etdiyi halda repetitorluq fəaliyyəti ləğv oluna bilər. Təhsilin keyfiyyəti o qədər yüksəlməlidir ki, repetitorluq sisteminə ehtiyac olmasın. Varlı, kasıb və orta təbəqə fərq etmir, heç kim artıq pul xərcləmək istəmir. Məktəb əgər yüksək səviyyəli təhsil sitemini özündə qura bilsə, əlavə gəlir xərcləyərək təhsil almağa gərək duyulmayacaq”.