Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 16:15:00
Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi
Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi təhsil konfransı keçirilib.
 
AzEdu.az xəbər verir ki, konfransa təhsil naziri Ceyhun Bayramov, təhsil nazirin müavini, Bakı Şəhər təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, nazirliyin və BŞTİ-nin sturuktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayındələri iştirak ediblər.
 
Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkil qoyublar.
Konfrans dövlət himninin səsləndirilməsi ilə başlanılıb.  Daha sonra 2017-2018-ci tədris ili ərzində BŞTİ-nın fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.
 
Tədbirdə təhsil nazirinin müavini, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan M.Vəliyeva ötən ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib.
 
M.Vəliyeva çıxışında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə tam hazır olduğunu və növbəti tədris ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib. Nazir müavini qeyd edib ki, son illər ümumi orta və tam orta səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə orta və ali ixtisas təhsil müəssisələrinə qəbulda müsbət dinamika müşahidə olunmaqdadır.

Sonra konfransa çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. “Bilik günü” münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran nazir bir sıra həlli vacib məsələlərə, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub. Təhsil naziri respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.

Nazir, eyni zamanda, buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Təhsil naziri çıxışında məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını qeyd edib.

Sonda pedaqoji ixtisaslar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə təşəkkürnamələr verilib. Həmçinin, yüksək balla müəllim kimi işə qəbul olunan, eləcə də uzun müddət təhsil sistemində çalışan müəllimlər mükafatlandırılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları