Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-21 09:22:00
Yaşlı və cavan müəllimlər arasında qarşıdurma ola bilər-Ekspertdən proqnoz

 

 

Yaşlı müəllimlər” və “cavan müəllimlər” deyilən belə bir təsnifat yoxdur. Təcrübəli müəllimlər var, təcrübəsiz müəllimlər var, nüfuzlu müəllimlər var, nüfuzsuz müəllimlər var. Yaşlılığından asılı olmayaraq, canla-başla işləyən müəllimlər var, bir növ baş girləyən müəllimlər var. Bu peşəni sevərək seçənlər var, bu peşəyə təsadüfən yiyələnənlər var.

 

Bu barədə tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov “Facebook” sosial şəbəkəsindəki şəxsi profilində paylaşım edib.

 

Ekspert hesab edir ki, əksər yaşlı müəllimlər, zəif və ya yetərsiz olduqları halda, özlərini “ən güclü” və “üstün” müəllim hesab edirlər və əksinə, əksər cavanlar  özlərini yaşlılardan daha üstün və güclü sayırlar” kimi yanaşmalar absurd mövqe sərgiləməkdən başqa bir şey deyil.

 

Yaşlı və gənc nəsil arasında qarşıdurma yaratmağa yönələn cəhdlərdən biri hesab oluna bilər:

 

“Ümumiyyətlə, yaşlıları və gəncləri müqayisə etmək, onların keyfiyyət göstəricilərini yaş senzinə görə  yüksək bal toplayanları  qruplar üzrə təsnifatlandırmaq və bu əsasda hər hansı bir təhlil aparıb, ictimailəşdirmək heç bir halda problemin həllinə düzgün yanaşma hesab oluna bilməz. Bu kimi statistikalar yanız xidməti istifadə üçün yararlı və keçərli ola bilər. Təcrübəli yaşlı müəllimləri sıxışdırmaq yolu ilə, təcrübəsiz gənc müəllimlərə yol açmaq da, gənclərə etimad göstərmək hesab oluna bilməz əksinə, onsuz da zədələnmiş müəllim nüfuzuna əlavə bir zərbə olar.

 

Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. Strategiyada nüfuz deyilərkən,  “müəllim peşəsi” nəzərdə tutulur, “müəllimin yaş senzi” yox...