Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 13:45:00
Yeni qəbul imtahanlarında  balların hesablanma qaydası nə zaman bəlli olacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Yeni modelə uyğun sınaq imtahanı keçirilsə də, imtahanla bağlı qaranlıq qalan məqamlar kifayət qədərdir. Xüsusilə də V ixtisas qrupu üzrə balların hesablanma qaydası hələ tam olaraq öz təsdiqini tapmayıb.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, yeni qəbul modelinə əsasən balların hesablanma qaydası hələ öz təsdiqini tapmayıb:

“Balların hesablanma qaydası və digər məsələlər haqqında qəbul qaydaları təsdiq edildikdən sonra məlumat veriləcək. Qaydaların bu ay və ya oktyabrda təsdiq olunacağı gözlənilir”

Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Yeni test tapşırıqlarının yoxlanılması da yeni üsullarla olacaq. Cavabların yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsilə aparılacaq. Dövlət İmtahan Mərkəzi valideynləri tam əmin edib ki, yazı işlərinin yoxlanmasında heç bir insan faktoru qiymətləndirməyə hər hansı təsir göstərə bilməz. Yazı işlərinin qiymətləndirilməsi ümumi imtahan nəticələrlə birlikdə internet səhifəsində yerləşdiriləcək və hər bir abituriyent öz işi ilə tanış ola biləcək. 

Situasiya və yaxud mətn üzrə təqdim olunan açıq formalı test tapşırıqları isə 0, 1 və ya 2 balla, digər formalı açıq və qapalı test tapşırıqları isə 0 və ya 1 balla qiymətləndirilir.

Qapalı formalı tapşırıqlar üzrə səhv cavabların sayının 1/4-i ümumi baldan çıxılır. Açıq formalı test tapşırıqları üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları