Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 14:28:00
“Güvən”in güvənsizliyi – Hazırlıq kursları abituriyentlərə necə haqsızlıq edir?-PROBLEM

 16 Oktyabr  tarixində  "Güvən" hazırlıq kursları ali məktəblərə hazırlaşan abituriyentlər üçün sınaq tərtib edib, sonra isə imtahan nəticələrini  ləğv edilib. Əlavə ödəniş almaq şərti ilə sınaq imtahanı yenidən təşkil olunub.

 

Bu isə öz növbəsində sınaq imtahanlarında iştirak etsələr də nəticələri ləğv olunan bir çox abituriyent və valideynlərinin haqlı narazılığına səbəb olub.

 

Onlar yenidən keçiriləcək imtahanlar üçün əlavə ödənişi haqlı saymayaraq bundan narazılığını bildiriblər. Abituriyentlərin bir neçəsinin verdiyi məlumata görə, problem sonradan həllini tapmamış qalıb.

 

Yaşanan olay bir problemi qabarıq üzə çıxarır: ölkədə fəaliyyət göstərən hazırlıq kurslarına nəzarət mexanizminin ümumiyyətlə olmaması, yaxud, yetəri qədər olmaması... Təbii ki, problem təkcə bir hazırlıq kursu ilə məhdudlaşmır. Paytaxt və regionlarda fəaliyyət göstərən bir neçə hazırlıq mərkəzlərinin də ayrı-ayrı vaxtlarda analoji problemi yaratması sosial şəbəkələrdə öz əksini tapıb.

 

Məsələ ilə bağlı Azedu.az-a danışan təhsil eksperti Kamran Əsədov ölkədə fəaliyyət göstərən hazırlıq kurslarının fəaliyyətinə nəzarət edilmədiyini bildirir.

 

 

"Təəssüf  ki, bu gün ölkənin təhsil yükünü hazırlıq kursları və repetitorlar qarşılayır.  Amma, onların fəaliyyətinə nəzarət  edilmir. Düzdür, dövlətimiz özəl sektorun fəaliyyətini dəstəkləyir. Amma, bu o demək deyil ki, bu tipli təhsil müəssisələri nəzarətdən kənarda qalsın.

 

"Hazırda ölkədə 800-dən artıq, kurs xidmətləri kimi, qeydiyyatdan keçib fəaliyyət göstərən özəl şirkət var. Bu say gündən-günə artmaqda davam edir . Çox təəssüf ki,  hazırlıq kurslarının fəaliyyəti yalnız subyektiv olaraq yoxlanılır. Yəni, sadəcə çalışanların əmək müqaviləsinə uyğun olaraq  fəaliyyəti göstərdiyi və gəlirləri ilə bağlı məlumatlar yoxlanılır. Amma, tədrisin təşkili ilə yoxlanılmaya cəlb olunmayıb".

 

Təhsil  eksperti hazırlıq kurslarının az xərc çəkib, çox gəlir əldə etmək istədiklərini bildirib:

 

"Çox zaman hazırlıq kursları DİM-in modelinə uyğun imtahan təşkil etmir və yoxlamır. Dövlət İmtahan Mərkəzi  imtahanı yoxlamaq üçün uzun müddət tələb edir.  Hazırlıq kurslarında isə, bəzən bir şəxs bir neçə fənni yoxlayır. Bu isə öz növbəsində cavabların açıqlanmasında problemlər yaradır.

 

Bu qurumlar kommersiya xarekterlidir. Hazırlıq kursları  az xərc çəkib, çox gəlir əldə etmək istəyirlər. 

 

Dünya təcrübəsindən faydalanmaq lazımdır. Hazırlıq kursların təkcə maddi- texniki bazaları deyil, tədrisin təşkili və imtahan modelinin DİM-in tələblərinə uyğunluğu da  yoxlanılmalıdır".

 

Əsədovun sözlərinə görə, hazırlıq kursların nəzarətdən kənarda qalması, təhsilin parçalanmasına gətirib çıxara bilər:

 

Azərbaycanda  hazırlıq kurslarının  nəzarətdən kənarda qalması, təhsil yükünü parçalanmasına gətirib çıxara bilər. Çox təəssüf ki, bu gün təhsil yükü  repetitorluq və hazırlıq kurslarının üzərindədir. Bu isə cidi məsələdir. Azərbaycanda qəbul imtahanlarının modelini,  hazırlıq kursların təqdim etdiyin proqramla müqasiyə etdiyimiz zaman görünür ki, onlar bir-birindən tamamilə ayrıdır.

 

 

Elm və Təhsil Nazirliyi və DİM-ə dövlət tərəfindən səlahiyyət verilməlidir ki,  hazırlıq kurslarında monitorinqlər aparsın

 

 

“Yaxşı olar ki, Elm və Təhsil Nazirliyi və DİM-ə dövlət tərəfindən səlahiyyət verilməlidir ki,  hazırlıq kurslarında monitorinqlər aparsın. Çox zaman valideyn vədlərə aldanır. Sonda isə görür ki, sınaqda yüksək bal toplayan övladı, qəbulda aşağı nəticə göstərir.

Ona görə də, imtahan  modellərinin dövlət proqramına uyğunluğu ən azından ildə bir dəfə yoxlanılmalıdır. Çox təəssüflər olsun ki, bu gün tədris qəbul imtahanları və hazırlıq kurslarının üzərindədir, amma, onlara nəzarət mexanizmi yoxdur"- deyə, o bildirib. 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları