Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 18:12:00
LDU-da Elmi Şurası şəhidlərin xatirəsini  yad  etdi - FOTO
 
Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi Şuranın Zəfər bayramı öncəsi iclası torpaqlarımızın azadlığı, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsinin anılması ilə yaddaqalan olub. Şura üzvləri iclasdan əvvəl Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər xatirə abidə kompleksini ziyarət edərək önünə təzə-tər qərənfillər düzüblər.
 
Elmi Şura iclası şəhidlərin müqəddəs xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.
 
Elmi Şuranın sədri, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov gündəliyə keçməzdən əvvəl, I və II Qarabağ savaşında vətən oğullarımızın göstərdiyi şucaətdən danışıb, erməni qəsbkarlarının üzərindəki böyük qələbəyə və Zəfər bayramına görə şəhidlərin müqəddəs ruhuna və qazilərə minnətdar olduğumuzu dilə gətirib. LDU-nun 11 tələbə və məzununun II Qarabağ savaşında mətanətlə vuruşaraq qəhrəmanlıqla şəhid olduğunu deyən universitet rəsmisi ali təhsil ocağında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin daim önəm kəsb etdiyini, bu istiqamətin aparıcı xətt olduğunu şura üzvlərinin diqqətinə çatdırıb. Natiq İbrahimov iclas iştirakçılarını qarşıdakı böyük bayram- Zəfər günü ilə bağlı təbrik edərək xoş bayram arzularını çatdırıb.
 
 
Qısa təqdimatdan sonra Elmi Şura gündəlikdə duran məsələlərin müzakirəsinə keçib. İlk müzakirə olunan məsələ- “2022/2023-cu tədris ilinin payız semestrinin I kollokviumların nəticələri. Tədrisin gedişinin vəziyyəti” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. İdrak Əsgərovun məlumatı dinlənilib. Məlumatda bu sahədə vəziyyətin qənaətbəxş olduğu, tədris planına uyğun icra edildiyi şura üzvlərinin diqqətinə çatdırılıb.
Universitetdə keçiriləcək elmi konfranslara hazırlığın vəziyyəti barədə Elm və innovasiya məsələləri üzrə prorektor, dos. Elvin Əliyev məlumat verib.
 
 
“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə tədrisin gedişi. Qış mövsümunə hazırlığın vəziyyəti” haqqında məlumatı kollecin direktoru Leyla İbrahimova təqdim edib və bu sahədə hər hansı problemin yaşanmadığını deyib.
Elmi katib Allahşükür Quliyev Universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlərin müzakirəsi haqqında hesabatında çapa gedəcək elmi əsərlər barədə məlumat verib.
 
 
Elmi Şurada digər cari məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.