Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 15:52:15
“Tələbələrə ictimai nəqliyyatda güzəştlər edilsə...” - Hadi Rəcəbli  

Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər.

Azərbaycanda Tarif Şurasının iyulun 30-da keçirilən iclasında metro və şəhərdaxili avtobus marşrutlarında gedişhaqqı 30 qəpiyə qaldırılıb.  Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli AzEdu.az-a açıqlamasında tələbələrə ictimai nəqliyyatda güzəştlərin olması məsələsinin Milli Məclisə aid olmadığını deyib:

“Azərbaycanda tələbələr üçün vaxtaşırı müəyyən fikirlər olur. Məsələn, onlar üçün güzəştli kreditin verilməsi də çox vacib məqamdır. İmkansız ailələrin övladları var ki, universitetə daxil olduğu halda, onlar üçün  təhsil haqqını ödəmək çətin olur. Maksimum çalışaq ki, dövlət müəssisələrində pullu təhsili qismən azaldaq. Eyni zamanda gələcəkdə ola bilər ki, balları aşağı salaq. Məsələn, 640 balla daxil olurlar, amma ödənişli əsaslarla qəbul olurlar. Düşünürəm ki, bu məsələyə gələcəkdə yenidən baxıla bilər.

Əlbəttə, tələbələrə ictimai nəqliyyatda müəyyən güzəştlər edilməsi yaxşı olar. Ola bilər, nəqliyyatla bağlı əlavə vəsait verilsin. İctimai nəqliyyat üçün güzəştli kartların verilməsinə də müsbət baxıram, alqışlayıram. Belə şey olsa yaxşı olar. Amma bu məsələ Milli Məclislik deyil. Bu Nazirlər Kabinetinin sərəncamı ilə ola bilər. Milli Məclisdə belə bir təklif irəli sürülsə, əlbəttə, biz onu dəstəkləyəciyik”.