Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 17:50:00
Problemli  valideyn məktəbdə qorxu  yaratdı-Məsələ nəzarətə götürüldü

 

 

Yeni istifadəyə verilən  335 nömrəli tam orta məktəbdə övladlarının təhsil alması üçün oktyabrın 14-də müraciət edən  Zülfüqar Qubadov adlı valideynin məktəb mühitinə və valideyn adına yaraşmayan davranışlara yol verdiyi məlum olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə 335 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edən Xoşqədəm Bağırova ətraflı məlumat verərək durumun ciddiliyini diqqətə çatdırıb:

 

“Valideyn məktəbə müraciət edən zaman yerdəyişmə sistemi (sy.edu.az) bağlı olduğundan övladlarını elektron qeydiyyatdan keçirə bilməyib. Bununla belə, qaydalara uyğun olaraq uşaqların təhsilə cəlb olunması təmin edilib, müvəqqəti olaraq onlar dinləyici kimi müvafiq siniflərə (I və VI siniflər) yerləşdiriliblər.

 

Bundan sonra iki gün Zülfüqar Qubadov məktəbə gələrək heç bir səbəb olmadan nalayiq ifadələr işlədib, məktəbin və digər bir sıra qurumların ünvanına təhqirlər yağdırıb. Buna görə ona irad tutan valideyn və müəllimləri də təhqir edib, istədiyini edəcəyini bildirib.

 

Zülfüqar Qubadov həmin günlərdə məktəblilərə qarşı etdiyi əxlaqsız hərəkətinə görə də dəfələrlə digər valideynlərlə münaqişədə olub. Bu baxımdan oktyabrın 17-də şagirdlərin elektron yerdəyişmə sistemi açıldıqdan sonra  övladlarını məktəbə rəsmi qeydiyyatdan keçirməkdən imtina edib. Digər valideynlər də psixoloji vəziyyəti normal olmayan Zülfüqar Qubadov kimi nalayiq hərəkətlər edən, azyaşlılara qarşı fiziki təmaslara meyilli birinin bu məktəbin valideyni olmasına dəfələrlə etiraz edib, konkret hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlayıblar.

 

Zülfüqar Qubadovun anlaşılmaz və valideyn etikasından kənar hərəkətlərini olduğu kimi ifadə etməyi etik cəhətdən doğru hesab etməsəm də, onun yaratdığı vəziyyəti bacardığım qədər təsvir etməyə çalışdım. Məsələn, valideyn adı daşıyan birinin digər qızları videoya çəkərək onlara “sizi tik-toka qoyacam” kimi hədə-qorxu gəlməsi nə ilə izah oluna bilər.

 

Dəfələrlə bir pedaqoq kimi onunla söhbətə, öz övladları xatirinə də olsa, normal davranışa dəvət etsək də, Zülfüqar Qubadov daha da aqressivləşib, şagird, valideyn və müəllimlərin gözü qarşısında təhqirlər yağdırıb, nalayiq ifadələr söyləyib.

 

Hiss olunur ki, övladları da atalarının bu davranışından yorulublar. Aldığımız məlumata görə, Zülfüqar Qubadov son bir il ərzində 4 dəfə böyük övladının məktəbini dəyişib. Bu isə uşaqların psixoloji cəhətdən dayanıqsız olmasına rəvac verir, onların tədris mühitinə adaptasiyasına ciddi zərbə vurur”.

 

Direktor vəzifəsini icra edən Xoşqədəm xanım məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də məlumat verildiyini,  uşaqların təhsilinin davam etdirilməsi və taleyi diqqətə alındığını vurğulayıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  məsələ ilə bağlı məlumatlı olduqlarını və tədbirlərin görülməsi üçün diqqət mərkəzində saxlanıldığı bildirilib:

 

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı məlumatlıdır. Uşaqların təhsilinin davam etdirilməsi, onların icbari təhsildən yayındırılmaması üçün müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.