Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 11:30:00
“Məktəb psixoloqunun stolüstü kitabı”-FOTO-VİDEO

Oktyabrın 20-də  Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə BP şirkəti və "AzEdu" təhsil portalının birgə layihəsi əsasında nəşr olunan "Məktəb psixoloqunun stolüstü kitabı"nın təqdimatı keçirilib.

 

Təqdimat mərasimində AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı çıxış edərək bildirib ki, kitabın nəşr olunmasında əsas məqsəd məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən psixoloji problemlər, stress, mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış emosional durumlar və onun sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir.

 

E.Eyvazlı layihənin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini söyləyib. Eyni zamanda o,  kitaba daxil edilmiş geniş,  əhatəli mövzuların hər biri həmin sahənin mütəxəssisi olan yerli ekspert – ümumilikdə doqquz müəllif, tərəfindən toplanıb və hazırlandığını bildirib: " Müvafiq fənlər üzrə ixtisaslaşan universitet tələbələri, habelə məktəblilərin valideynləri də kitabdan istifadə edə bilərlər. Kitabda orta ümumtəhsil müəssislərində psixoloji xidmət işini həyata keçirən şəxslər – məktəb psixoloqları üçün zəruri sayılan nəzəri-metodiki bilgilər, hüquqi baza sistemli şəklində əks olunub  praktiki tədqiqat metodları, vacib təcrübi modellər təqdim edilib."

 

Tədbirdə çıxış edən Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycanda ilk dəfədir ki, məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq istifadə edə biləcəyi bu həcmdə və bu əhatədə vəsait nəşr olunur: "Kitabın ümumi təhsil məktəblərində psixoloji işin təşkilinə, uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması işinə töhfə verəcəyinə əminik." Məktəb psixoloqlarının bilik və bacarıqlarının davamlı şəkildə təkmilləşdirilməsinin vacibliyindən danışan idarə müdiri faydalı təşəbbüsün reallaşdırılmasında əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tamam  Cəfərova  vurğulayıb ki, məktəb psixoloqu üçün stolüstü kitab rolunu oynayacaq bu zəruri vəsait onların peşə fəaliyyətləri zamanı nəzəri, təcrübi hüquqi bələdçisi missiyasını yerinə yetirəcəkdir. Kitab məktəb psixoloqları , bu ixtisas üzrə təhsil alan tələbələrlə yanaşı, hər bir valideyn və müəllim üçün də yararlı nəzəri bilgilər və praktiki tətbiq metodları ilə zəngindir. Müəlliflər kitabı hazırlayarkən onun məktəb psixoloqlarının və valideynlərin əsas istinad mənbəyi olmasını təmin etməyə çalışıblar. Yeni nəşr olunan  bu vəsait geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan iş və psixoloji məsləhət metodları, eləcə də yanaşmaların praktiki tətbiqini əhatə edən bir mənbədir.

 

Tədbirdə çıxış edən kitabın müəlliflərindən biri və elmi redaktoru Laləzar Cəfərova, AZEDU nəzdində Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Müşviq Mustafayev,  Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, 205 nömrəli tam orta məktəbin psixoloqu Zülfiyyə Məsimova 368 səhifəlik "Məktəb psixoloqunun stolüstü kitabı"nı məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmalarına dəstək kimi dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, kitabda orta  ümumtəhsil müəssislərində psixoloji xidmət işini həyata keçirən şəxslər – məktəb psixoloqları üçün zəruri sayılan nəzəri-metodiki bilgilər, hüquqi baza sistemi şəklində əks olunmuş  praktiki tədqiqat metodları, vacib təcrübi modellər təqdim edilib.

 

Qeyd edək ki, "Məktəb psixoloqunun stolüstü kitabı"nı Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov, ADPU-nun Şəki filialının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Nuralı Çələbiyev, Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şəbəsinin müdiri, dosent Laləzər Cəfərova, Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbinin müəllimi, klinik psixoloq, loqoped Babək Əlizadə və başqaları hazırlayıblar.  Layihə  BP-nin  dəstəyi ilə AZEDU MMC tərəfindən  həyata keçirilib.

 

İki sahil