Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-20 13:17:00
“Müəllimləri sənədlərlə,valideynləri də əlavə xərclə yükləmək olmaz”-Şahin Rəcəbli

 

"Valideynlərin müəllimlərlə təması qarşılıqlı və faydalı əməkdaşlıq səviyyəsində olmalıdır. Qaydalara uyğun olmayan tələblər, işi daha da mürəkkəbləşdirmək isə nə müəllimin, nə də valideynin marağında deyil və olmamalıdır da".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında “Valideyn-Müəllim Assosiasiyası”nın rəhbəri Şahin Rəcəbli deyib.

 

O, valideyn və müəllimlərin öhdəliklərinə diqqət çəkərək, onların daha da yüklənməsinin doğru olmadığını bildirib:

 

“Təlim-tədris üçün lazım olan minimum tələblər təmin olunursa, əyani vəsaitlər, işçi sənədlər varsa, kifayətdir. Onsuz da hamı üçün çətin görünən dərs proqramlarından əlavə yüklənməyə, tələbləri mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Əksinə, bunun sadələşdirilməsi istiqamətində düşünmək lazımdır. Müəllim ağır sənədləşmə yükündən, valideyn də əlavə xərclərdən azad olmalıdır. Onsuz da hər bir valideyn övladının keyfiyyətli təhsil alması üçün məsuliyyət daşıyır, əlindən gələn, mümkün olan nə varsa, onu edir edir”.

 

Ş.Rəcəbli şagirdin keyfiyyətli təhsil alması  üçün müəllim-valideyn münasibətlərinin düzgün qurulmasının vacibliyini vurğulayıb:

 

“Müəllim nəzarət obyektinə çevrilməməlidir. Əlbəttə, bu və ya digər şəkildə individual yanaşmalar ola bilər. Müəllimlər içində də valideynlərə qarşı hədsiz tələblər irəli sürənlər olur. Lakin belə hallarda məktəbdə fəaliyyət göstərən icmalar (assosiasiyalar) vəziyyəti öz nəzarətinə götürməli, qarşılıqlı dialoq əsasında valideynlərin narazılqları, şikayətləri nəzərə alınaraq həllini tapmalıdır. Həm valideyn, həm də müəllim övladlarımızın keyfiyyətli təhsil və təlim-tərbiyə almasına məsuldurlar. Bu səbəblə onların arasında problemlərin yaranmasına deyil, əməkdaşlığın güclənməsinə çalışmaq lazımdır".

Gülcahan Məmmədova
Müəllifin digər yazıları