Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-20 11:49:00
"Universitet rəhbərləri milli təhsil standartları ilə işləmirlər"-Təhsildəki qanunsuzluqlara İRADLAR

 

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclasda “Təhsil haqqında” qanunda dəyiliklik üçün təklif edilən məsələlər müzakirə olunub.

 

Həmçinin ali təhsil sahəsində problemlərə toxunulub.

 

AzEdu.az xəbər verir ki, ölkəmizdə təhsil sahəsində dövlətin vəzifələri artırılması ilə bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif olunur.

 

Dəyişikliklə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, həmçinin onlara akademik məzuniyyətin verilməsi qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.

 

Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.

 

Həmçini  ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması qaydası hazırlanacaq.

 

 Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev doktorantların təhsil aldıqları müəssisələri dəyişdirmək sahəsində ciddi problemlərin olduğunu bildirib:

 

“Hazırkı qanunvericilikdə elmi təşkilatların doktoranturası var. Onlar ləğv edildikdə köçürmə məsələsi ortaya çıxır. Yaxud da onlar təhsilini müəyyən səbəblərdən müvəqqəti dayandırmaq istəyir, lakin indiki dəyişiklikdə bu da öz əksini tapmayıb. Doktorantların bir qismi qrantlar hesabına xarici ölkələrə təhsil üçün gedirlər. Onların buradakı təhsillərinə xitam verilməsi və ya verilməməsi açıqdır. Bununla bağlı bizə xeyli sayda müraciət və ərizələr daxil olur. İndiki dəyişiklik layihəsində ancaq bakalavriat və magistr səviyyəsi qeyd olunub. Lakin “Təhsil haqqında” qanunda təhsilalanlar üçün fərq qoyulmayıb. Əgər tələbə anlayışı varsa, bu, həm bakalavr, həm magistr, həm də doktoranta aiddir. Çünki hamısı tələbələrdir. Ona görə də bu kimi məsələlər yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində nəzərə alınmalıdır. Bununla da müəyyən ediləcək ki, biz ali təhsilin bütün səviyyələrinə eyni yanaşırıq yoxsa nəsə fərqlənmə edirik”.

 

Deputat Ceyhun Məmmədov universitetlərdə çoxlu tənzimlənməyən məsələlərin olduğunu qeyd edib:

 

“Digər tərəfdən, sonra vaxtlar qanundan çox qaydaya daha çox yönəlirik. İdarəçiliyin tam mərkəzləşdirilməsi prosesi gedir. Amma bəzən regionda yaranan problemin bu şəkildə həlli üçün xeyli vaxt lazım olur. Bu məsələni də araşdırmalıyıq”.

 

Daha sonra komitə sədri Bəxtiyar Əliyev “Ali təhsil haqqında” qanun layihəsi Elm və Təhsil Nazirliyinin nümayəndələri, təhsil ekspertləri ilə müzakirə olunduğunu söyləyib:

 

“İşçi qrupun 8 iclası keçirilib. Son iclasda artıq qanun layihəsinə komitədə baxılmasına razılıq verilib. Komitədə bu gün müzakirələri Elm və Təhsil Nazirliyi ilə birlikdə davam etdirəcəyik. İşçi qaydada bütün məsələlər öz həllini tapır”.

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev  əksər ali təhsil müəssisələrinin təhsil haqqının birdəfəyə ödənilməsini tələb etdiyini nəzərə çatdırıb:

 

“Elm və Təhsil Nazirliyinin Kollegiyasının təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var. Amma bu, bizdən asılı deyil, bu, universitetlərin rəhbərliyindən asılıdır. Bu, sosial kreditlərdir. Bu krediti götürməyə çəkinirlər. Başa düşmürlər ki, bu sosial kreditlərdir, faiz tutulmur. Hətta bəlkə dövlət başçısı bunu nə vaxtsa bağışlayacaq, bu ödənişi tələb etməyəcək.

 

Deputat Kamilə Əliyeva iclasda ali təhsil müəssisələrinə pullu ixtisaslara qəbul olan tələbələrin təhsil haqqını ödəyə bilməməsi ilə bağlı problemi qaldırıb.

 

Sədr Bəxtiyar Əliyev universitet rəhbərlərinin milli təhsil standartları ilə işləmədiklərini bildirib:

 

“Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşəndən sonra belə qənaətə gəldim ki, onlar qəti şəkildə milli təhsil standartları ilə işləmirlər. Bu azmış kimi, heç məlumatları da yoxdur. bu məsələdə Elm və Təhsil Nazirliyi nə etsin, universitetlər işləməli və öz təkliflərini verməlidir. Dövlət standartları müəyyənləşdirir və bunun əsasında da təhsil proqramları hazırlanmalıdır. Bu gün hələ də əmək bazarının tələblərinə cavab verən peşə standartları hazırlanmayıb. Bu standartlar olmayandan sonra ali təhsil müəssisələrində proqramı necə tərtib edilsin? Bu məsələni nazirliklə də müzakirə etmişik. Bu gün deyə bilmərəm ki, tələb olunan peşə standartları hazırdır. Ancaq bəziləri hazırlanır. Texnologiyanın inkişaf etdiyi dövrdə hər gün yeni peşələr yaranır. Ölkəmizdə elə sahə yoxdur ki, orada peşə assosiasiyası peşə standartlarının hazırlanmasını öz üzərinə götürsün. Dünya praktikasında belə hal olsa da, lakin Azərbaycanda yoxdur. Əmək bazarının iştirakçıları kimdirsə, elə onlar da peşə standartlarının sifarişçisi olmalıdır. Çünki əmək bazarının tələblərini onlar daha yaxşı bilirlər. Bu gün əmək yarmarkasından başqa nəsə yoxdur”.

 

Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq.