Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 10:44:00
DİM ictimaiyyət nümayəndələrini əməkdaşlığa dəvət etdi -ŞƏRTLƏR 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda təhlükəsizliyin artırılması məqsədilə buraxılış rejimini aparan əməkdaşların fəaliyyətinin təkmilləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və şəffaflığın artırılması istiqamətində davamlı işlər aparılır.

 

DİM-dən AzEdu.az-a  bildirilib ki, Mərkəz görülmüş işlərin tərkib hissəsi olaraq müxtəlif peşə sahələrində çalışan ictimaiyyət nümayəndələrinin imtahan prosesində buraxılış rejimini aparan əməkdaş qismində cəlb edilməsi üçün elektron qeydiyyat başlayır. Qeydiyyat dekabrın 15-dək davam edəcək.

 

Qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı təşkilatda hazırda rəsmi işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), yaşı 21-40 (cari buraxılış rejimini aparan əməkdaş bazasında olanlar üçün 21-45 yaş) arasında olan, həmçinin fiziki və psixoloji cəhətdən sağlam olan, COVID-19 vaksin və ya immunitet sertifikatı olan qadın əməkdaşlar müraciət edə bilərlər.

 

Namizədlər Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olaraq “Şəxsi kabinet” açmalı və daha sonra qeydiyyatdan keçməlidirlər. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir. Namizədlər qeydiyyat vərəqini çap edir, imzalayır və aşağıda qeyd olunan sənədləri əlavə edərək e-poçtuna və ya mobil telefon nömrəsinə göndərilən bildirişdə qeyd olunan tarixdə Bakı şəhəri üzrə DİM-in baş ofisinə (akademik Həsən Əliyev küçəsi 299), regionlarda isə DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şəmkir və Şirvan regional bölmələrinə şəxsən müraciət edirlər:

 

-İmzalı qeydiyyat vərəqi;

-Şəxsiyyət vəsiqəsi və surəti;

-Ali və ya orta ixtisas təhsili haqqında sənəd (diplom) və surəti;

-İş yeri haqqında arayış (olduğu təqdirdə);

-Məhkumluğun olmaması barədə arayış;

-Bank rekvizitlərini təsdiqedici sənəd.

Qeydiyyatdan uğurla keçən yeni namizəd DİM-ə dəvət olunaraq sənədləri yoxlanılır və təhsili, fəaliyyəti, iş təcrübəsi, fiziki-psixoloji sağlamlığı və s. dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibədən keçirilir.

Müsahibədən uğurla keçən namizədlər müvafiq təlimlərə cəlb olunacaq.

Elektron qeydiyyatla bağlı suallar yaranarsa, Mərkəzin baş ofisinə (Çağrı mərkəzi 1653 ) və ya regional bölmə mərkəzlərinə müraciət etmək olar.