Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 09:26:00
ADNSU-da növbəti “Açıq mikrofon” keçirilib

Oktyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” keçirilib. Tədbirdə faktiki iştirak edən tələbə və müəllimlərlə yanaşı, “Açıq mikrofon” universitetin Akt zalından həm də facebook üzərindən birbaşa canlı yayımlanıb və yüzlərlə tələbə onlayn olaraq tədbirə qoşulub.

 

AzEdu.az xəbər verir ki, 2022-2023-ci tədris ilinə hazırlıq səviyyəsindən danışan rektor, professor Mustafa Babanlı universitetdə tədrisin yüksək səviyyədə təşkili ilə bağlı görülən işlərdən danışıb və ötən semestr zamanı tələbələrin biliyinin qiymətləndirilməsi, buraxılış işlərinin hazırlanması və təhsilin yüksəldilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. 2022-2023-cü tədris ilində qəbul barədə danışan rektor, professor Mustafa Babanlı bu tədris ilində ADNSU-nun daha çox tələbat olan ixtisaslarından danışıb və ümumlikdə bakalavr təhsil səviyyəsi üzrə 3507 nəfər abituriyentin bu universiteti seçdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkə üzrə 600-dən yuxarı bal toplayan tələbələrin təxminən 30 faizi ADNSU-nu seçiblər. Elektron təhsil sistemi, təhsillə bağlı icra olunan yeni-yeni layihələr haqqında məlumat verən rektor, professor M.Babanlı ADNSU-da tələbələrin  yaxşı təhsil alması üçün hər bir şəraitin yaradıldığını vurğulayıb.

 

Sonra 2022-2023-cü tədris ilində ən yüksək balla ADNSU-ya qəbul olan tələbələr səhnəyə dəvət olunaraq mükafatlandırılıb. Rektor, professor M.Babanlı tərəfindən onlara hədiyyələr təqdim olunub. “Açıq mikrofon”da həmçinin, 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələrinə görə tədris kursları üzrə ən yaxşı qrup nominasiyasının qalibləri də mükafatlandırılıb. Belə ki, üç kurs üzrə qalib komandaların nümayəndələri səhnəyə dəvət olunub. 1-ci kurslar üzrə I yeri İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin 692.21E saylı qrupu qazanıb. 2-ci və 3-cü kurslar üzrə də I yerləri İTİF-in müvafiq olaraq 632.20E və 693.19 saylı qurupu qazanıblar. Hər qalib qrup 2 minanat ödüllə mükafatlandırılıb. Rektor, professor Mustafa Babanlı qrup nümayəndələrini mükafatlandırdaqdan sonra bütün qrup üzvlərini təbrik edib, onlara yeni-yeni uğurlar arzu edib.

 

“Açıq mikrofon”da ənənəvi olaraq tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda rektor, professor M.Babanlı mövcud çatışmazlıqlar haqqında irad və təkliflərini bildirib, həlli vacib olan məsələlərin icra olunması istiqamətində göstərişlər verib.