Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-08 18:00:00
Müəllim iş prosesində  tənqidi mülahizələrdən çəkinməlidir-Etik davranış qaydaları

Müəllim peşə fəaliyyətində bir sıra qaydalara əməl etməlidir. Onların ən başında isə etik davranış prinsipləri gəlir.

 

AzEdu.az Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 25 noyabr 2014-cü il tarixli qərarına əsasən, müəllimlərin etik davranış prinsiplərini təqdim edir:

 

Onlar fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir:

 

Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. O. bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

 

Peşəkarlıq və fərdi məsuliyyət – müəllim  fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə tənzimlənməsinə görə məsuliyyəti daşıyır.

 

Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

 

Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. O, peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

 

Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir.

 

İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.

 

Konfidensiallıq - qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları