Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-08 15:57:00
Diplomların tanınmaması bu günün problemi deyil
Elə abituriyent var ki, heç universitetin qapısını açmayıb
 
 
"Xaricdə oxumaq istəyənlər əvvəlcə araşdırma aparmalıdır"


  Xaricdə universiteti bitirdikdən sonra ölkəyə qayıdan tələbələr diplomların tanınmaması problemi ilə üzləşirlər. İllərdir həllini tapmayan bu məsələ həmişə  aktualdır. 
 

Ekspertlər isə hər dəfə tövsiyə edir ki,  xaricdə oxumağa gedən şəxs, ilk növbədə “o ölkənin diplomu Azərbaycanda tanınacaqmı” sualına cavab tapmalıdır. Nüfuz xətrinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt nəticəni düşünmürlər. Xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda diplomların tanınmaması problemi ilə üzləşməyəsən.
 
 
Qeyd edək ki, sentyabr ayı üzrə xaricdə təhsil almış 310 nəfərin müraciətinə baxılıb, onlardan 248-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
 
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən
verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 11, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
 
 
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 98, Türkiyə Respublikasından 90, Ukraynadan 63, Gürcüstandan 15, Belarus Respublikasından 14, digər ölkələrdən isə 30 müraciətin olduğu müşahidə olunur.
 

  Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 32, tibb üzrə 31, iqtisadiyyat üzrə 23, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 12 nəfər müraciətçi qeydə alınıb.
 
 
Təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə,  diplomların tanınması ilə bağlı problem təkcə bizim ölkəmizdə deyil. Dünyanın əksər ölkələrində eyni problemlə qarşılaşan tələbələr var: 
 

“Bunun səbəbi abituriyentlərin xaricdə təhsil məsələsini əvvəlcədən yaxşı araşdırmamalarıdır. Hər hansı universitetə oxumağa gedən abituriyent Təhsildə Keyfiyyət Təminatı Agentliyi vasitəsilə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalıdır. Abituriyentlər bu barədə məlumatlı olsalar, diplomu ölkəmizdə tanınmayan universiteti seçməyəcəklər. Mütləq hansısa formada araşdırma aparmalı, əlaqədar qurumların saytlarına baxmalı, informasiya əldə etməlidirlər”. Ekspertin sözlərinə görə, diplomları tanınmayan bir qisim abituriyentlər də var ki, ali məktəbdən diplom alsalar da, universitetdə normal təhsil almayıblar: “Onlar dərsə getməyiblər, asan yolla məzun olublar. Onların pasportunda ölkədən çıxış-girişlə bağlı qeydlər olsa da, müsahibə zamanı kəsilirlər. Agentlik məzundan tələb edir ki, təhsil aldığı ölkənin dilində danışsın. Bu zaman şübhələr meydana çıxır. Tələbə Ukraynada, Rusiyada, Gürcüstanda təhsil aldığı ali məktəbin proqramının və tədrisinin dilini bilmirsə, prosedurdan keçə bilməyəcək. Ona görə də tələbələr ayıq-sayıq olmalı, əvvəldən araşdırma aparmalıdırlar. Bu şərtlərə əməl edəcəkləri təqdirdə, heç bir problemlə qarşılaşmayacaqlar”.
 
 
Şərq