Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 16:19:00
Direktorların məlum səs yazıları necə yayılır? – “Bu, idarəetmənin bərbadlığıdır”

 

 

“Məktəb rəhbərlərinin yayılan səslərinin əksəriyyəti gizli şəkildə qeydə alınanlar deyil, direktorlar çox vaxt  bu səsləri məktəbin vatsap qrupuna atırlar. Bu da təhsilin idarə edilməsi sisteminin bərbad halda olmasına bir nümunədir”.

 

Artıq məktəb direktorlarının idarəetmədə yol verdikləri qanunsuzluqlarla bağlı görüntüləri, yaxud səs yazılarının yayılması adət halını alıb.

 

Son olaraq Sumqayıtda orta məktəbin direktorunun müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı yayılan səs yazısını buna misal göstərə bilərik.

 

Bəs bütün bunlara səbəb nədir? Təhsil müəssisələrinin idarəedilməsində müşahidə olunan neqativ halların aradan qaldırılması ilə bağlı hansı addımları atılmalıdır?

 

Ümumi təhsil üzrə mütəxəssis Elşən Qafarov AzEdu.az-a açıqlamasında məsələnin səbəblərindən söz açıb:

 

“Zaman göstərir ki, təhsilin idarə edilməsində ciddi problemlər var və biz bu problemləri aradan qaldıra bilməmişik. Direktor seçimi prosesində də ayrıca ciddi problemlər mövcuddur. Bir neçə ildir direktorların işə qəbulu mərkəzləşmiş qaydada həyata keçirilsə də, sistemə lazım olan kadrları hələ tam aşkara çıxarıb məktəblərə cəlb edə bilməmişik. Artıq əvvəlki zaman deyil. Hazırkı dövrdə səs yazmaq, video çəkmək çox asandır. Məktəb rəhbərlərinin yayılan səslərinin əksəriyyəti gizli qeydə alınanlar deyil, direktorlar çox bu səsləri məktəbin vatsap qrupuna atırlar. Bu da təhsilin idarə edilməsi sisteminin bərbad halda olmasına bir nümunədir”.

 

Mütəxəssis Regional Təhsil İdarələrinin fəaliyyətinə də diqqət çəkib:

 

“Bu kimi problemlərin həlli üçün Regional Təhsil İdarələri tam şəkildə formalaşmalıdır. 12 regional idarəmiz var, amma heç biri struktur baxımından tam formalaşmayıb. Bu idarələrdə çalışanlar dövlət qulluqçusu olsa da, Elm və Təhsil Nazirliyi həmin müəssisələrdə mövcud olan yerləri vakansiyaya çıxarmayıb. Təcrübə də onu göstərir ki, təhsil sahəsində dövlət qulluğu yerlərinin vakansiyaya çıxarılması və bu yerlərin tutulmasında müəyyən problemlər var. Məsələn, təhsil sahəsində iş təcrübəsi olmayan, sadəcə ali təhsil almış şəxslər imtahan verərək məsləhətçi vəzifəsinə təyin olunurlar. Bu, yolverilməzdir. Bu səbəblə qaydalarda dəyişiklik etmək lazımdır ki, məsləhətçi vəzifəsinə ən azı 5 il məktəb direktoru olaraq çalışmış, yaxud direktor müavini kimi fəaliyyət göstərmiş şəxslər sənəd verə bilsinlər. Ali məktəbi yeni bitirmiş, jurnal üzü görməmiş, təcrübəsi olmayan şəxs illərin məktəb direktoruna necə məsləhət verəcək?”

 

O, direktor müavinləri və məsləhətçi vəzifələrinə təyinatın aparılmasına ciddi nəzarət edilməsinin vacibliyini vurğulayıb:

 

“Ümumilikdə məktəb direktorlarının imtahanında da dəyişikliklər edilməlidir. Xüsusilə direktor müavinlərinin işə qəbulu imtahanları keçirilməlidir. Bununla yanaşı Regional Təhsil İdarələrinin tam formalaşması üçün addımlar atılmalıdır. Struktur idarələrin nizamnamələrinə uyğun təşkil edilməlidir. Təhsil üzrə idarəetmə strukturlarında işləmək üçün ən azı 5 illik məktəb direktoru, yaxud da direktor müavini təcrübəsi olan şəxslər seçilməlidir. Təhsil müəssisələrinin idarəedilməsində yeni mexanizm tapmaq lazımdır. Daha operativ və obyektiv nəzarət sistemi yaradılmalıdır. Hər bir məsləhətçi kurasiyasında olan məktəbə görə birbaşa cavabdehlik daşımalıdır. Bu gün məktəb direktorlarının qanunsuzluqlarına, idarəetmədə yol verdiyi səhvlərə görə direktorların özləri cəzalandırılır. Amma məsləhətçi də məktəbin dövlət qanunlarına uyğun şəkildə idarə edilməsinə görə cavabdeh olmalıdır. Niyə görə heç bir məsləhətçi məktəblərdə baş verənlərə görə məsuliyyət daşımır?”

 

“Əgər nazirlik istəyərsə, təhsil sisteminin idarəedilməsilə bağlı təkliflərimizi yazılı şəkildə ümumiləşdirib təkliflərimizi verə bilərik. Biz hər zaman nəticəyə diqqət edir. Hər hansı məktəbdə neqativ hal yaşadı, direktor işdən çıxarıldı, müəllim cəzalandı və məsələ bitdi. Amma sabah başqa bir məktəbdə də eyni hal yaşana bilir. Bütün bunların baş verməsinin səbəbləri var və həmin səbəblə müəyyən edilərək həll yolu müəyyən olunmalıdır-deyə, o bildirib.