Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 17:01:00
Masazır kənd 6 nömrəli tam orta məktəbin açılışı olub

Sentyabrın 14-də Abşeron rayonu Masazır kənd 6 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

 

Daha sonra qonaqlar yeni tikilmiş məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

 

Bildirilib ki, sözügedən məktəb 960 şagird yerlikdir. Yeni tikilən məktəbdə 40 sinif otağı ilə yanaşı, fənn kabinetləri, informatika kabinetləri, laboratoriyalar, STEAM təlimləri üçün otaqlar, qızlar və oğlanlar üçün ayrı-ayrı emalatxanalar, icma əsaslı məktəbəqədər təhsil üçün otaq və digər yardımçı otaqlar var. Bundan əlavə, idman zalı, yeməkxana da fəaliyyət göstərir.

 

Məktəb açılışından sonra Abşeron rayonu üzrə təhsil işçilərinin bilik konfransı keçirilib.

 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov dövlət səviyyəsində təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, son illər yenilənən məktəb infrastrukturundan danışıb. Eyni zamanda, ötən tədris ilində baş verən və yadda qalan mühüm struktur dəyişikliklərindən söz açıb.

 

Daha sonra Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək yüksək təchizatlı yeni məktəblərin tikintisi, eyni zamanda, ötən tədris ilində məzunların yüksək nəticə göstərməsinin uğurlu təhsil siyasətinin nəticəsi olduğunu qeyd edib.