Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-02 11:20:00
"Yazdıqları kitabları tələbələrə satanlar da var"-Etibar Əliyev 

"Dünyanın aparıcı universitetlərində müəllimlərə tələbələrin verdiyi qiymət böyük əhəmiyyət kəsb edir. Diqqətimi çəkən bir neçə parametr oldu: Müəllimin tələbinin aydınlığı, materialın aydın və ardıcıl izahı, müəllimin auditoriya ilə kontaktı, auditoriyadankənar ünsiyyət imkanları. Bir sıra ali məktəblərdə bu cür qiymətləndirmə məcburi xarakter daşıyır. Yüksək bal toplamış tələbələr müəllimin tədrisdə hansı ədəbiyyatlardan istifadə etdiyini də soruşa bilərlər".

 

AzEdu.az xəbər verir ki, bu sözləri deputat Etibar Əliyev şəxsi feysbuk səhifəsində yazıb. 

 

"Ədəbiyyatlar yenidirmi? Fənnin köhnə ədəbiyyatlardan tədrisinin səbəbi nədir? Keçilən fənlərdə son 10 ildə hansı yeniliklər olub?Bütün bunlar müəllimi çıxılmaz vəziyyətə salmaq üçün deyil. Müəllimi ətalətdən çıxarmaqdır. Onun tələbkarlığını artırmaqdır.

Dünyanın nəhəng fiziklərindən biri, Nobel mükafatı laureatı Frenk Vilçekdən tələbələri soruşur: "Növbəti semestrdə bizə nəyi tədris edəcəkiniz." Böyük alimin cavabı belə olur: "Əsas məsələ nəyi tədris etməyimdə deyil, əsas məsələ sizin nəyi kəşf etməyinizdədir." Elə bu səbəbdən də elm sahələrində böyük uğurlara imza atan gənclər yetişir.

 

Bizdə çox vaxt alimlər yazdıqları məqalələrin, monoqrafiyaların adını sadalamaqla tələbələrin gözlərini qamaşdırılar. Yazdıqları kitabları tələbələrə satanlar da var. Və tələbələrə yalnız onun yazdığı kitabı və məqalələri oxumağa məcbur edən müəllimlər də var. Hər bir fənnin ən azı 3 yaxşı ədəbiyyatını tapmaq olar. Müəllim həmin kitabları göstərməlidir. Kitabın məzmunu barədə danışmalıdır. Tələbələr müəllimlərini mütləq qiymətləndirməlidirlər, özü də çəkinmədən. Bu proses Universitet üçün də əhəmiyyətlidir".

Gülcahan Məmmədova
Müəllifin digər yazıları