Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-01 14:51:00
İsveçrədə doktorantura üzrə tədqiqat proqramının qalibi UNEC rektoru ilə görüşüb

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, İsveçrədə doktorantura tədqiqat proqramı üzrə qalib olan Nərgiz Hacıyeva professor Ədalət Muradovla görüşüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə rektor sosial şəbəkədə paylaşım edib:

 

“Bu gün İsveçrədə bir illik tədqiqatını bitirərək UNEC-ə qayıtmış UNEC Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı, son dövrlərdə UNEC-ə qəbul edilmiş perspektivli gənclərdən biri - UNEC doktorantı Nərgiz xanım Hacıyeva ilə görüşdük.

 

UNEC üçün qürurvericidir ki, Nərgiz xanım 193 ölkədən 3000 doktorant namizədlər arasından İsveçrədə doktorantura tədqiqat proqramı üzrə qalib seçilmişdi. O, həm də dünyanın TOP-700 universitetlərində tədqiqatları dəstəkləmək üçün UNEC-in xüsusi proqramının iştirakçısıdır. Nərgiz xanım nüfuzlu St. Qallen Universitetinin Siyasi elmlər və iqtisadiyyat məktəbində tədqiqat aparmışdır. O, elmi tədqiqatını ilk dəfə olaraq işğal dönəmində Qarabağ və ətraf ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz idxal və ixrac əməliyyatlarının iqtisadi və hüquqi qiymətləndirilməsi ilə bağlı aparmışdır.

 

Eyni zamanda, Bern şəhərində fəaliyyət göstərən İsveçrə Siyasi Elmlər Assosiasiyasının Empirik tədqiqatlar işçi qrupunun (SPSA Empirical Methods Working Group) direktoru təyin edilmişdir.  O, eyni zamanda, Bazel Universitetində 2023-cü ildə keçiriləcək siyasi elmlər və iqtisadiyyat üzrə beynəlxalq elmi konfransın təşkilat komitəsinin icraçı üzvüdür. N.Hacıyeva İsveçrədə işçi qrupuna rəhbərlik edən ilk azərbaycanlı gənc tədqiqatçıdır. UNEC-də edilə biləcək dəyişikliklər haqqında Nərgiz xanımın maraqlı və perspektivli təkliflərini müzakirə etik. Nərgiz xanıma uğurlar arzu edirəm”.