Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-31 12:33:00
Nadir İsrafilov: “Cəmiyyətdə baş verən bütün naqislikləri məktəblə, müəllimlə əlaqələndirmək ədalətsizlik olardı…”

 

”Təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir, ümummilli məsələdir”

 

III yazının davamı

 

Nadir müəllim deyirsiz ki, nə qədər ki, məktəb-valideyn əməkdaşlığının optimal yolu tapılmayacaqsa, məktəblərdə xoşagəlməz neqativ halların baş verməsi qaçılmaz olacaq...

 

Bunu mən özümdən demirəm, uzun illərin təcrübəsi və ümumi gedişatın müşahidəsi belə qənaətə gəlməyə əsas verir. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalı və hesablaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri bir çox xarici və yerli mütəfəkkirlərimizin yaradıcılığında da özünə geniş yer alıb. Digər tərəfdən axı, bizim təhsil sahəsində toplanmış ən böyük təcrübələrdən biri də məhz məktəb-ailə-cəmiyyət əməkdaşlığının səmərəli təşkili olub. Bir vaxtlar bununla bağlı xeyli sayda tədqiqat işləri aparılıb, dissertasiyalar yazılıb, "təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir, ümummilli məsələdir” kimi şüarlar irəli sürülüb.

 

Ancaq, indi bir çoxları tərəfindən nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxılır. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, virtuallıq buna şərait yaradır. Adicə məktəblinin qiymətinin öyrənilməsi, məktəblərə qəbul belə onlayn sistemlə həyata keçirilirr. Ona görə də valideynlə müəllim arasında müəyyən uçurum yaranıb. Məsələn, biz uşaq olanda bizim üçün ən narahatedici an valideynimizin məktəbə çağırılması xəbər idi. Çəkinirdik ki, görəsən, bizim haqqımızda nə deyəcəklər? İndi o sistemi başqa bir sistem əvəzləyib.

 

Halbuki, o qədər də uzaq olmayan keçmişdə kolleqial idarəetmə orqanı olan, pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsil alanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli Valideyn komitələri məktəb rəhbərliyi, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyirdi. Məktəb Nizamnaməsi və Valideyn komitəsi barədə Əsasnaməyə uyğun olaraq öz işini qurur, uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə yardımçı olurdu. Ümumi məktəb valideyn komitəsi ilə yanaşı hər sinif valideyn komitələri də fəaliyyət göstərirdi. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin valideyn komitəsi barədə Əsasnamə”də Valideyn komitəsinin işinin məzmunu və vəzifələri, Valideyn Komitəsinin işinin təşkili, Valideyn Komitəsinin hüquqları və digər məsələlər öz əksini tapmışdı.

 

"Məktəb üçbucağı”- məktəb, ailə və cəmiyyət anlayışı pedaqoji ədəbiyyatda və kütləvi mətbuatda ən çox işlənən ifadələrdən biri idi. Hamı dərk edirdi ki, bu üçbucağın bütün mexanizmləri işlək vəziyyətə gətiriləndə  məktəb həyatı da saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır.  Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Axı, insanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir  və burada hər şey düzgün idarəçilikdən asılıdır.

 

Heç də əbəs yerə deyil ki,  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi  kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. Təhsil siyasətinin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.

 

Görünür bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik, bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik.

 

Bir vacib məqamı da nəzərə almadıq ki, valideynin təhsilin idarəolunmasinda iştirakı və töhfəsi məsələləri Təhsil haqqında qanunun və Təhsilin inkişafı strategiyasının müvafiq bəndləri ilə tənzimlənir. Bir sıra məktəb rəhbərlərinin və valideyn komitələrinin özfəaliyyətlə məşğul olması bu birliyin nüfuzuna kölgə saldı.

 

Halbuki, müasir kurikulumun tələbləri bizi məktəb-valideyn münasibətlərini yeni müstəviyə qaldırılması zərurəti ilə üz-üzə qoyub. Maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər təhsil prosesinin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratiklik, aşkarlıq və şəffaflıq ab-havası gətirirlər, şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq məktəbin məhsuldar fəaliyyətini tənzimləyirlər.

 

Gəlin, bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq , bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – məktəb müqəddəs məbədgah kimi öz nüfuzunu qorumalıdır...

 

(Davamı var)