Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-30 17:35:00
Nadir İsrafilov: ”Təlimə ifrat aludəçiliyimiz tərbiyə işini deqredasiyaya uğratdı…”

 

II yazının davamı

 

“Məktəblərimizdə baş verən bir çox arzuolunmaz təzahürlər belə bir qənaətə gəlməyə əsas verir.”

 

Nadir müəllim, Nazirdən iqtibas gətirdiniz: “Təhsildə hansısa şəxslər tərəfindən buraxılan səhvlər ciddi zərərlər verir”- bunu təkcə rus dilində tədrisdə yaşanan problemlərəmi  şamil etmək olar, yoxsa...?

 

Əlbəttə yox. Bir çox problemlərin kökü məhz zaman-zaman buraxılan səhvlərdən qaynaqlanır. Məktəb təlim-tərbiyə müəssisəsidir. Bu gün ən böyük problemlərimizdən biri məktəbin əsasən təlim fəaliəyətinə yönlənməsi, tərbiyə işinin arxa plana keçirilməsi, eləcə də öz vəzifə funksiyalarını dərindən bilən, peşəsinə ürəkdən bağlı olan səriştəli, peşəkar müəllimlərimizin azlıq təşkil etməsidir. Bu sözləri elə məktəbşünaslığı bilməyən bir çox məktəb rəhbərləri barədə də demək olar. Gücü ancaq təlim nəticələrinə yönəldirik, məktəb rəhbərlərimiz hesabat verərkən ancaq təlim göstəriciləri ilə bağlı rəqəmlər açıqlayır. İş o yerə çatıb ki, Nazir belə etiraf edir ki, "Bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri uzaqlaşdırırdılar." Niyə...? Çünki, zəif oxuyan şagirdlər onların göstəricilərini aşağı salır.

 

Unutmamalıyıq ki, məktəb təkcə təlim deyil, həm də tərbiyə müəssisəsidir. Uzun illərdən bəri antik filosof Senekanın “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” müdrik kəlamını qulaq ardına vurduq. Unutduq ki, “bütün xalqın rifahı uşaqların düzgün tərbiyəsindən asılıdır” (Con Lokk); “Xalq məktəbi təkcə təhsil verməməli, həm də tərbiyə etməlidir. Onun bütün təlim işi tərbiyəedici olmalıdır” (A.O.Çernyayevski); “Hər bir pedaqoq yalnız müəllim deyil, həm də tərbiyəçidir. Müəllimin və yeniyetmələr kollektivinin mənəvi ümumiliyi sayəsində təlim prosesi bilik verməklə qurtarmır, çoxcəhətli münasibətlərə çevrilir. Biz müəllimlərdən hər birimizi  yeniyetmələrlə ümumi intellektual, əxlaqi, estetik, ictimai-siyasi mənafe  əlaqələndirirdi. Dərs – hər şeyi bilmək və əxlaqi əqidə məşəlini yandıran ilk qığılcımdır”. (V.A.Suxomlinski) və s. və i.a

 

Nəticədə zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrildi. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı “Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var.” kimi proqram xarakterli mesaj vermişdi.

 

Mən hələ neçə illər bundan qabaq, təlim və tərbiyənin vəhdətinə dair bəzi mülahizələrimi bölüşərkən dəfələrlə qeyd etmişəm ki, istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Başqa sözlə ifadə etsək, təlimə “ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir.

 

Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir. Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməmiş deyil ki, daha doğrusu bilməyə borcludur ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə – şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır.

 

Baxmayaraq ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir.

 

Onu da xatırlatmaq yerinə düşər ki, 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyı bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakterizə olunur.

 

Məktəblərimizdə və bütövlükdə cəmiyyətimizdə baş verən bir çox arzuolunmaz təzahürlər belə bir qənaətə gəlməyə əsas verir. Tərbiyə işini yeni müstəviyə qaldırmadan təlim-tərbiyənin vəhdəti barədə danışmaq, elə danışıq olaraq da qalacaq. Bu gün biz uşaqlarımızı bilik qazanmağa, elementar tərbiyə elementlərinə yiyələnməyə deyil, hansısa test suallarına cavab tapmağa yönləndirmişik. Ümumtəhsil məktəbinin fəaliyyətinin yeni kompleks qiymətləndirmə meyarları hazırlanmalıdır. Məktəbimiz, bütövlükdə təhsilimiz yalnız formaca deyil, məzmun və struktur baxımından yenilənməlidir...

 

(Davamı var)