Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-29 17:16:00
“Zorakılığa qarşı marifləndirmə işi bağçalardan başlamalıdır”-İctimai Şura sədri  

“Oğlanlar bir çox hallarda zorakılıqla bağlı marifləndirmə tədbirlərindən kənarda qalırlar”.

 

 Bu sözləri AzEdu.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.

 

Belə ki, Bərdə rayonunda 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar.

 

Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib.

 

Kənd sakinləri məktəbli qıza təcavüz etdiyi bildirilən oğlanlardan birinin atasına məxsus marketə hücum edib.

 

Mağazanın pəncərələrini və qapısını sındıran sakinlər həmin 4 oğlanın və ailələrinin kəndi tərk etməsini tələb ediblər.

 

Sonra kəndə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib.

 

İnsidentlə bağlı Bərdə RPŞ-də cinayət işi açılıb.

 

Həmin şəxslər  barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

 

Günel Səfərova qeyd edib ki, zorakılığa məruz qalan qız məktəbyaşlı olub:

 

“Bununla bağlı çevik ekspert qurupu yaradılıb, həmin regiona səfər etmək istəyirik. Amma uşağın psixologiyasının pozulmaması üçün müəyyən müddətin keçməsini istəyirik.

 

Düşünürəm ki, həmin uşaq  yaşadığı mühitdən çıxarılaraq, Bakıda olan sığınacaqların  birində reabilitasiya keçməlidir. Lakin bununla bağlı qərar verən şəxs onun ailəsi olmalıdır”.

 

İctimai Şura sədri vurğulayıb ki, məktəbəqədər təhsil müəssisələrindən başlayaraq zorakılıqla bağlı marifləndirmə tədbirləri həyata keçirilməlidir:

 

“Zorakılıqla bağlı marifləndirmə tədbirlərində daha çox  qızlar iştirak edir. Lakin çox  təəssüflər olsun ki, oğlanlar bu proseslərdən kənarda qalırlar. Ona görə də ilk olaraq məktəbəqədər təhsil müəssisələrindən başlayaraq təhsilin bütün pillələrində  zorakılıq əleyhinə uşaqların anlayacağı formada  kompaniyalar keçirilməli, məlumatlandırma tədbirləri baş tutmalıdır. Çünki zorakılığı törədən şəxslər başqa yerdən gələn insanlar deyil. onlar da bu cəmiyyətin bir parçasıdır. Bu, toplu zorakılıq faktıdır.

 

Biz mətbuatda zorakılıqla bağlı çoxsaylı məlumatlara rast gəlirik, lakin gizli zorakılıq faktları da mövcuddur, onlar işıqlandırılmır, üzə çıxarılmır. Övladı zorakılığa məruz qalan ailələr bir çox hallarda bunu gizlədir, belə olduqda biz də bu faktları bilmirik. İstədiyimiz odur ki, məsələni tək marifləndirmə yolu ilə deyil, bunu törədənlərə qarşı adekvant hüquqi tədbirlər vasitəsi ilə də həyata keçirək. Zorakılığı törədən görsün ki, bununla bağlı  hüquqi  tədbirlər tətbiq edilib və kifayət qədər ciddi və ağırlaşdırılmış nəticə əldə olunub. Çox təssüflər olsun ki, bu kimi hallarda cüzi cəzalar tətbiq edilir”.

 

 O, təhsilin bu kimi hallarda oynadığı roldan bəhs edib:

 

"Təhsil və ailə bu işdə marifləndirmə proseslərini həyata keçirməlidir. Lakin ən önəmli məsələ hüquqi prosedurların tətbiqidir, xüsusi ilə, icra hakimiyyəti orqanları  yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların fəaliyyəti təşviq edilməlidir. Regionlarda bu baxımdan çox böyük boşlular var. Burada qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini artırmaq lazımdır. Niyə bələdiyyələrin birində  psixoloji yardım mərkəzləri yaradılmayıb? Belə məsələlər nə qədər ki, formal qalacaq, onun həlli çox çətin olacaq. Biz mahiyyət əsaslı işi istəyir və tələb edirik, zorakılıq faktları ilə bağlı birbaşa müdaxilələr edirik, prosesdə icra aparatlarındakı boşluqları görürük. Zorakılıq istiqamətində çevik mexanizmlər təəssüflər olsun ki, hələ də qurulmayıb. Biz həm Elm və Təhsil Nazirliyi yanında İctimai Şura olaraq  hədəf məsələlərdən biri kimi zorakılıqla bağlı olan faktları əlavə edək ki, nəyi necə deyişə biləcəyimizi bilək. Bu bir günə dəyişəcək məsələ deyil, lakin ən azından nəyəsə cəhd etmək olar”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları