Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-22 12:31:00
“İlkin təhsil hökmən ana dilində olmalıdır”-Sabir Rüstəmxanlı

 

“Mən heç bir xarici dilin öyrənilməsinin əlehinə deyiləm. Amma ilkin təhsil hökmən ana dilində olmalıdır”.

 

Ölkədə rus dilində tədrisin uşaqlarda vətənpərvərlik ruhunun formalaşmasına mənfi təsir göstərməsilə bağlı fikirlər səsləndirilir.

 

Eyni zamanda rus bölməsində təhsil alan şagirdlərin qəbul göstəriciləri statistik rəqəmlərə əsasən Azərbaycan bölməsilə müqayisədə aşağıdır. Zaman-zaman da bu dildə ibtidai tədrisin təşkili ilə bağlı müxtəlif müzakirələr aparılır.

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında ana dilində təhsilin vacibliyini vurğulayıb:

 

“Bu mövzuya yanaşmam birmənalıdır. Düşünürəm ki, hər insan öz ana dilində təhsil almalıdır. Ölkəmizdə rəsmi tədris dili Azərbaycan dilidir və uşaqlarımız da Azərbaycan vətəndaşları olaraq bu dildə təhsil almalıdırlar. Müəyyən azsaylı xalqlarda da bu meyil getdikcə güclənir ki, övladlarının yaşadıqları ölkənin deyil, qonşu dövlətlərin dilində təhsil almasına üstünlük verirlər. Mən heç bir xarici dilin öyrənilməsinin əlehinə deyiləm. Amma ilkin təhsil hökmən ana dilində olmalıdır. İlk növbədə ona görə ki, bu insanlar Azərbaycanda yaşayacaqlar. Ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək üçün rəsmi dili bilmək çox vacibdir. İkinici olaraq isə insan ana dilində təhsil alması onun fizioloji imkanlarını daha yüksək şəkildə ortaya çıxarır”.

 

Deputat rusdilli məktəblərin daha üstün hesab edilməsinin yanlış olduğunu qeyd edərək, valideynlərin bu məktəbləri seçməsinin səbəblərindən danışıb:

 

“Rus bölməsində təhsil alanların az vətənpərvər olması kimi fikirlərə qatılmıram. Bu dildə təhsil alan ziyalılarımız olub. Adətən burada Qori Seminariyasını bitirənləri, yaxud bu kimi başqa nümunələr gətirirlər. Təəssüf ki, indiki rusdilli məktəblərimiz elə deyil, onları Qori Seminariyası ilə müqayisə etmək düzgün olmaz. Valideynlər daha çox şəraitə görə bu məktəblərə üstünlük verirlər. Təhsil müəssisənin təmirli olması, evə yaxınlığı, yaxud dərsliklərin vaxtında verilməsi və s. kimi məsələlərə diqqət edirlər. Amma bu təhsilin ümumi səviyyəsinə təsir göstərmir. Biz öz tədrisimizin yüksək səviyyədə olmasına çalışmalıyıq. İstedadlı insanlarımızın əksəriyyəti ana dilində təhsil alıblar. Məktəbləri bu şəkildə müqayisə etmək doğru deyil, rusdilli məktəbləri daha üstün hesab etmək yanlışdır”.

 

“SSRİ-dən ayrılan respublikalarda uşaqların ana dilində təhsil almasına üstünlük verilir. Rusdilli məktəblər ölkədə yaşayan ruslar, başqa xalqların nümayəndələri üçün fəaliyyət göstərməyə davam edə bilər. Başqa dillərdə də məktəblər var, amma ümumi təhsil müəssisələrimizin əksəriyyəti, şübhəsiz, ana dilində olmalıdır”-deyə, sədr bildirib.