Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-29 12:05:11
"Elm yedəkdə sürünməyəcək, inkişafımıza kömək edəcək"-Musa Qasımlı 

Fikrimcə, hər şeydən əvvəl, elm və təhsilin inteqrasiyası dərinləşəcək, elmi tədqiqatların nailiyyətləri universitet auditoriyalarına daha tez daxil olacaq, istehsalata tətbiqi sürətlənəcək


Bu sözləri AzEdu.az açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Musa Qasımlı deyib

 

"Cənab Prezidentimiz İlham Əliyevin tarixi əhəmiyyət daşıyan fərmanına əsasən Elm və Təhsil Nazirliyinin yaradılması, AMEA-nın sırf ictimai və humanitar elm sahələri institutlarından yenidən təşkil edilməsinin nəzərdə tutulması ölkəmizdə bütün sahələrdə aparılan geniş və dərin islahatların tərkib hissəsidir. Bu, obyektiv zərurətdən irəli gəlib. Elm və təhsil sahəsində qarşıda dayanan vəzifələrin müasir tələblərə uyğun olaraq yerinə yetirilməsi nəticəsində ölkəmizin ümumi inkişafına fayda verməsini nəzərdə tutan bu addım mahiyyətcə inqilabi, məzmunca əhatəli, məqsədlərinə görə isə stratejidir".

 

"İndi əsas iş icraçıların, məsul şəxslərin üzərindədir" deyə bildirən Musa Qasımlı  təhsil sahəsində yeni bir səhifə  açılacağını vurğulayıb


"Elm yedəkdə sürünməyəcək, inkişafımıza kömək edəcək. Gənclər elmə həvəslə gələcək, nəsillər arasında üzvi əlaqə, varislik təmin ediləcək, qocalma proseslərinin qarşısı alınacaq. Tədqiqat işlərinin qısa, orta və uzunmüddətli sistemli planlaşdırılması həyata keçiriləcək, daha keyfiyyətli, dünya səviyyəsinə çıxa biləcək araşdırmalar aparılacaq. Hər şey əslində yenidən başlanır. Görüləcək işlər çoxdur. İndi əsas iş icraçıların, məsul şəxslərin üzərindədir".

Gülcahan Məmmədova
Müəllifin digər yazıları