Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-26 14:28:00
İnkişaf Strategiyasında təhsillə bağlı vacib qərarlar - Mühüm addımlar

 

Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiq edilib.

 

Strategiyada elm və təhsilin bütün səviyyələri üzrə gələcək inkişafı üçün nəzərdə tutulan hədəf və məqsədlər də yer alıb.

 

AzEdu.az  Strategiyaya əsasən ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində görülməsi nəzərdə tutulan işləri təqdim edir:

 

Məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaqdır

 

Ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılacaq, məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılacaq, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılacaqdır. Nəticədə, məktəbəqədər təhsilə cəlb edilmiş 1‒5 yaşlıların payı 50%-ə çatdırılacaqdır.

 

Ölkədə ümumi təhsildə səriştəəsaslı məzmun tətbiq olunacaq, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqe yaxşılaşdırılacaqdır.

 

Təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaqdır. Ümumi təhsildə nəticəyönlü idarəetmə və maliyyələşmə sistemi qurulacaq, təmayüllərin və inklüziv təhsilin əhatə dairəsi genişləndiriləcək, infrastruktur isə müasirləşdiriləcəkdir.

 

Peşə təhsilinin əhatə dairəsi və keyfiyyəti artırılacaqdır

 

Əmək bazarının tələblərinə cavab verən peşə təhsili tətbiq olunacaq, işəgötürənlər peşə təhsili sisteminə inteqrasiya ediləcəklər. Peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sistemi təkmilləşdiriləcək, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaqdır. Nəticədə, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər artırılacaqdır.

 

Gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaqdır

 

Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaqdır. Nəticədə, ali təhsilə qəbul olan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaqdır.

 

Elmin müxtəlif sahələri üzrə tədqiqatlar genişləndiriləcəkdir

 

Müasir təfəkkürlü və kreativ düşüncəli gənclər erkən vaxtlardan elmi araşdırmalara cəlb ediləcəkdir. Elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizmi yaradılacaqdır. Beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı 40% artacaqdır.

 

Əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılacaqdır

 

Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə və zəruri kvalifikasiyalar əldə etməsinə imkan verəcəkdir. Nəticədə, ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artacaqdır.

 

Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaqdır

 

Qlobal informasiya məkanından istifadə üçün maarifləndirmə tədbirləri həyata keçiriləcəkdir. Təhsil müəssisələrində İKT əsaslı infrastruktur inkişaf etdiriləcəkdir. Nəticədə, tədris prosesində və idarəetmədə İKT-nin tətbiqi genişləndiriləcəkdir.

 

Elmi tədqiqat, texniki konstruktor işlərinin (ETTKİ) kommersiyalaşdırılmasına dəstək veriləcəkdir

 

Bu məqsədlə həyata keçirilən tədqiqatlar maliyyələşdiriləcək, ETTKİ infrastrukturu inkişaf etdiriləcəkdir. Müasir dövrdə texnologiyaların kommersiyalaşdırılması innovativ inkişafda prioritet olduğundan, tədqiqat nəticələrinin məhsula çevrilməsi təmin olunacaq və elmi tədqiqatlarda mövcud maneələr müəyyən edilərək aradan qaldırılacaqdır. Nəticədə, innovasiyaların bazara çatdırılması asanlaşdırılacaq, ETTKİ üzrə xərclərin ÜDM-dəki payı isə 0,1% səviyyəsinə çatdırılacaqdır.

 

İnnovativ və rəqəmsal bacarıqlar üzrə təhsilin keyfiyyəti və əlçatanlılığı artırılacaqdır

 

Rəqəmsal akademiya yaratmaqla peşəkar rəhbər kadrların hazırlanması və yenidənhazırlanması təmin ediləcəkdir. İKT sahəsi üzrə nüfuzlu beynəlxalq texniki universitetlərlə tərəfdaşlıq qurulacaqdır. Əhalinin mənimsəməsi vacib hesab edilən rəqəmsal bacarıqları formalaşdırılacaqdır. Nəticədə texniki, texnoloji və innovasiya yönümlü ixtisaslar üzrə ali, orta ixtisas və peşə təhsili məzunlarının sayı ilbəil artacaqdır.

 

Startapların bütün inkişaf mərhələləri üzrə maliyyələşmə mexanizmləri formalaşdırılacaqdır

 

Startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sistemi hazırlanacaqdır. Zəruri sayda istedad ehtiyatı təmin ediləcəkdir. Nəticədə, startapların sayı ilbəil artacaqdır.