Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-29 13:40:00
“Müəllimin şagirdə çox şey öyrətməsi böyük problemdir” – Pedaqoqdan gözlənilməz  açıqlama  

“Müəllimliyin əlifbası bu peşə sahiblərinin mümkün olduğu qədər az şey öyrətmələridir”.

Bu sözləri gənc müəllim, pedaqoq Bəhmən Məmmədov “Youtub” video şəbəkəsindəki  bir  verilişində müəllimlərin tədris metodlarından danışarkən deyib. O qeyd edib ki, hər şeyi öyrətmək şagirdin yaradıcılıq qabiliyyətini zəiflədir:

“Hər şeyi öyrədən təhsil sistemlərində şagirdlərin yaradıcılığı zəif olur. Bu,əslində böyük problemdir. Şagirdə hər şeyi şeyi xırdalığına qədər öyrətdikdə onun beyninə  “onsuz da mən bunu bilirəm” ifadəsini yeridirsiz. Artıq onda öyrənmək və kəşf etməyə maraq qalmır.  Çünki insan çox bildiyi vaxt heç nəyi soruşub maraqlanmır. Buna görə də diletantlıq anlayışından uzaqlaşıb, mütəxəssisliyə keçməkdə fayda var.

Məşhur pedaqoq Con Amos Komeniusun bir cümləsi var: Müəllimliyin əlifbası bu peşə sahiblərinin mümkün olduğu qədər az şey öyrətmələridir. Bu cümləni o hələ 1657-ci ildə nəşr olunan kitabının ilk cümləsində deyib. Yəni, şagirdlərin öz-özlərinə öyrənmələrinə kömək edəcək dərslərin araşdırılması və kəşf edilməsi lazımdır. Müəllim az şey keçərək, daha çox şeyi şagirdin özünə kəşf etdirməlidir”.

O tədrisin getdikcə mürəkkəbləşdiyini nəzərə alaraq, verilən biliklərin sadələşdirilməsinin vacibliyini vurğulayıb:

“İsveçrəli məşhur pedaqoq Pestalozzi isə deyir ki, dərslərin şagirdin valideynlərinin belə başa düşəcəyi səviyyədə keçirilməsi lazımdır. Yəni, biliklər o dərəcədə sadələşdirilməlidir ki, valideynlər belə onu oxuyanda başa düşsünlər. Müasir dövrdə tədrisin mürəkkəbləşdiyini nəzərə alsaq, bunun yollarını araşdırmaqda fayda var”.

O, şagirdlərin müəllim tərəfindən tərbiyə olunması məsələsinə də aydınlıq gətirib:

“Ümumiyyətlə, tədris işi bağban işinə bənzəyir. Bağbanın işi lazım olan xarici mühiti hazırlamaqdır. Bağban lazım olan şəraiti təmin edir, bitki isə öz-özünə inkişaf edir. O, əlini torpağın altına salıb bitkini zorla uzatmır. Müəllimin də vəzifəsi bununla eynidir. İnsan xaricdən yetişdirilə bilməz. Yetişmə şərtləri olduqda şagird özü inkişaf edəcək. Ümumiyyətlə, tərbiyə etmək anlayışı yoxdur, tərbiyə olmaq var.  Müəllimlər bu məsələlərdən yararlanmalıdırlar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları