Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-11 17:46:00
Məktəb zəngləri ailələr üçün çalındı  

Türkiyənin Milli Təhsil Nazirliyi məktəblərdə valideynlər üçün təlimlərə başlayıb

 

 

AzEdu.az xəbər verir ki, Türkiyənin Milli Təhsil Nazirliyi cəmiyyətin əsasını təşkil edən ailənin möhkəmləndirilməsi üzrə yeni layihəyə başlayıb. Türkiyəli valideynlər ailədə ünsiyyət, münaqişələrin və stresin idarə olunması, şüurlu və təhlükəsiz texnologiyalardan istifadə, narkomaniyaya qarşı mübarizə, sosial -emosional bacarıqların inkişafı, uşaqların öz həmyaşıdları ilə münasibətləri, mənəvi inkişafı, sağlam qidalanma və fiziki fəallıqdan ibarət 8 əsas mövzuda “Ailə məktəbi”nin şagirdləri olublar.

    

İyulun 10-dan start götürən  "Ailə məktəbi" layihəsində valideynlər  üçün 7 əyalətdə - Ankara, İstanbul, İzmir, Samsun, Adana, Şanlıurfa və Ərzurum  məktəblərində   dərslər  başlayıb. 
    

Bu sahədə mütəxəssis müəllimlər tərəfindən keçirilən ilk təlim –dərs  pandemiyanın təsirlərinin hələ də qaldığı hazırkı dövrdə  "Məişət ünsiyyəti"nə həsr olunub. Bu dərsdə valideynlərə övladları ilə münasibətdə sıx ünsiyyətin daha təsirli  ola biləcəyi barədə məlumatlar çatdırılır.  

    

"Münaqişələrin və stresin idarə edilməsi"  dərsi ailədəki problemləri həll etmək qabiliyyətinin artırılmasına yönəlib.

      

"Narkomaniyaya qarşı mübarizə" dərsində zərərli vərdişlərin öhdəsindən necə gəlmək, fiziki və mənəvi cəhətdən sağlam həyat tərzi keçirmək məsələlərindən bəhs olunur.

   

"Sosial emosional bacarıqların inkişafı" dərsində  təqdim olunan biliklər uşaqların öz aralarındakı,  eləcə də onların öz valideynləri ilə olan münasibətlərinin dərinləşdirilməsinə və möhkəmləndirilməsinə yönəlib.

   

"Yaşıdlarla münasibətlər" dərsi uşaqların öz həmyaşıdları ilə ünsiyyətini asanlaşdırmaq üçün informasiyanı əhatə edir, "əxlaqi inkişaf" dərsləri isə mənəviyyatın möhkəmləndirilməsinə kömək edir. "Sağlam qidalanma və fiziki fəallıq" dərsi də ailənin daha sağlam strukturunun qorunub saxlanmasına yardım göstərir.

 

Beləliklə,  8 əsas mövzu və 44 saatlıq təlim ailənin strukturunu mümkün risklərdən daha təhlükəsiz etmək məqsədi daşıyır. Layihə çərçivəsində Ərzurumda ilk dəfə olaraq 350 müəllim təhsil sertifikatı alıb. Bu müəllimlər sonradan “Ailə məktəbi”  layihəsinə cəlb olunub və valideynlərlə işləyəcək  10 min 789 təhsil işçisinə təlim keçiblər.  İndiyə qədər 7 əyalətdə yaradılan “Ailə məktəbi”ndən 32 min valideyn faydalanıb. “Ailə məktəbi” təcrübəsinin  yayılması məqsədilə Mersin və İzmirdə təhsil təlimləri başa çatdırılıb. İyulun sonlarında isə Ərzurumda, eləcə də digər əyalətlərdə təhsil təlimləri keçiriləcək.
    

Ölkənin milli təhsil naziri Mahmut Özer təhsil  sahəsində  epidemiya dövründə və təhsilin normallaşdırıldığı dövrdə ən vacib maraqlı tərəflər olan valideynlərə hərtərəfli dəstək vermək üzərində çalışdıqlarını,  nazirlik tərəfindən müvafiq təhsil qurumları ilə birlikdə yaşlı vətəndaşlara bütün növ təhsil xidmətlərinın göstərildiyini bildirib.
 

"Ailə məktəbi" layihəsinin əhəmiyyətindən danışan Mahmut Özer deyib: “Ailə məktəbi " layihəsi sayəsində biz təxminən, 32 min ailə ilə sıx əlaqə qurmuşuq.  32 min ailəyə, o cümlədən Ankara, İstanbul, İzmir, Samsun, Adana, Şanlıurfa və Ərzurumda "ailədə ünsiyyət, ailədə zorakılıq, rəqəmsal asılılıq, psixoaktiv maddələrdən asılılıq, mədəniyyət, əxlaq, etiket" kimi şagirdlərin inkişafına kömək edəcək mexanizmlərlə bağlı kompleks və müxtəlif sahələrdə təhsil xidmətləri təqdim etmişik”.
  

M.Özer qeyd edib ki, bu layihə ilə onlar təhsildəki əhəmiyyətli boşluğu doldurduqlarını görürlər. "Biz gördük ki, ailələrimiz bu təlimlərdən çox faydalanıblar və çox xoşbəxt olublar. Buna görə bu yay 7 pilot vilayətində bu təcrübəni işə saldıq və bütün əyalətlərimizdə yaydıq. Bütün ailələrimizi “Ailə məktəbləri”ndə gözləyirik. Yay məktəblərində və formal təhsildə şagirdlərimizlə birlikdə olduğumuz kimi, ailələrimizin və ailə məktəblərimizin yanında olmaqda  davam edəcəyik”-deyən nazir  valideynləri   "Ailə məktəbi" layihəsinə dəvət edib.

 

Oruc MUSTAFAYEV