Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-07 13:51:00
BMT-nin təhsillə bağlı hədəfləri: İxtisaslı müəllimlərin, təqaüdlərin sayını artırmaq..

 

Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri, Təhsil nazirinin müşaviri Elnur Nəsibov BMT-nin təhsil sahəsindəki hədəflərinə diqqət çəkib.

 

AzEdu.az xəbər verir ki, nazir müşaviri 2016-cı ildə qəbul edilmiş Dayanıqlı İnkişaf məqsədində təhsillə bağlı hədəfləri nəzərə çatdırıb:

“BMT-nin Dayanıqlı İnkişaf məqsədi 2016-cı ildə qəbul edilib. Sənəddə əks olunmuş hədəflərə 2030-cu ilə qədər nail olunmalıdır. Təhsil sahəsində bu hədəflər hansılardır:

 

Hədəf 4.1. Bütün uşaqların pulsuz, bərabər və keyfiyyətli ibtidai və orta təhsil pillələrini bitirmələrini təmin etmək.

 

Hədəf 4.2. İbtidai təhsilə hazır olmaları üçün bütün qız və oğlanların keyfiyyətli erkən uşaq inkişafı, qayğı və məktəbəqədər təhsilə çıxış imkanlarını təmin etmək.

 

Hədəf 4.3. Bütün qadınlar və kişilər üçün maliyyə baxımından münasib və keyfiyyətli texniki, peşə və ali təhsilə bərabər çıxışı təmin etmək.

 

Hədəf 4.4. Məşğulluq, layiqli iş imkanları və sahibkarlıq fəaliyyəti üçün müvafiq bacarıqlara, o cümlədən texniki və peşə vərdişlərinə malik olan gənclərin və yetkin insanların sayını əhəmiyyətli dərəcədə artırmaq.

 

Hədəf 4.5. Təhsil sahəsində gender əsaslı bərabərsizlikləri aradan qaldırmaq və əhalinin həssas qrupları, əlillər və həssas qruplardan olan uşaqlar üçün bütün səviyyələrdə təhsilə və peşə təliminə bərabər çıxış imkanını təmin etmək.

 

Hədəf 4.6. Cinsindən asılı olmayaraq, bütün gənclərin və yetkin əhalinin əhəmiyyətli hissəsinin oxuma-yazma və hesablama bacarıqlarına malik olmasını təmin etmək.

 

Hədəf 4.7. Bütün təhsil alanlararın başqa vasitələrlə yanaşı, dayanıqlı inkişaf və dayanıqlı həyat tərzləri, insan hüquqları, gender bərabərliyi, sülh və qeyri-zorakılığın təşviq edilməsi, dünya vətəndaşlığı konsepsiyası və mədəni müxtəliflik dəyərlərinin başa düşülməsi və mədəniyyətin dayanıqlı inkişafa töhfəsi sahələrində maarifləndirmə vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün zəruri olan bilik və vərdişlərə yiyələnmələrini təmin etmək”.

 

“Bundan əlavə üzv dövlətlərin təhsil qurumlarına, uşaq, əlillik və gender məsələlərinə həssaslıqla yanaşan inklüziv və effektiv təlim mühitini təmin edən təlim müəssisələri qurmaq, ali təhsil, peşə təlimi və informasiya və kommunikasiya texnologiyaları, texniki mühəndislik və elmi proqramlar üzrə təqaüdlərin sayını qlobal səviyyədə əhəmiyyətli dərəcədə artırmaq və müəllimlərin hazırlığı sahəsində beynəlxalq əməkdaşlıq vasitəsilə ixtisaslı müəllimlərin sayını artırmaq tövsiyə olunur”-deyə, o bildirib.