Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-01 09:12:00
Bakıda Beynəlxalq ingilis dili təlimi konfransı başa çatıb  

Azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün nəzərdə tutulan 3 günlük “İngilis dilinin tədrisində mükəmməllik” təlimi 30 iyun tarixində başa çatıb.

 

AzEdu.az xəbər verir ki, konfransın məqsədi azərbaycanlı müəllimlərin tələbələrinin yüksək nəticələr əldə etməsinə yardımçı olmaları, Bakı və Azərbaycan regionlarından olan müəllimlər, peşəkarlar və ekspertlər üçün ingilis dili tədrisində ən son yeniliklər haqqında müzakirə etmək imkanının yaradılmasıdır.

 

Konfrans Şimali Karolina ştatının 14 həftəlik magistr səviyyəsindəki Müasir İngilis dili Təlimatının kulminasiya nöqtəsini ehtiva edir. Bildirək ki, ABŞ Səfirliyi tərəfindən maliyyələşdirilən virtual kursu təqribən 100 Azərbaycanlı ingilis dili müəllimi tamamlayıb.

 

Tədbiri giriş sözü ilə açaraq ADA Universitetinin prorektoru, dr. Fariz İsmayılzadə ingilis dilinin təhsil işçilərinə gələcək nəsillər yetişdirmək imkanını verdiyini, proqramın müəllimləri ingilis dili bacarıqları ilə təmin etdiyini qeyd edib. Təhsil işçilərinin inkişafının ADA Universitetinin diqqət mərkəzində olduğunu bildirən F. İsmayılzadə Azərbaycanın Qazax rayonunda müəllimləri maarifləndirdikdən sonra Vaşinqtonda təlim keçirməyin məqsədini pedaqoqları dünya səviyyəli təcrübə vermək üçün etdiklərini deyib.

 

Səfir Litzenberqer konfrans iştirakçılarını salamlayaraq Azərbaycanın ölkə məktəblərində tədris olunan ingilis dili dərslərinin keyfiyyətini artırmaq səylərinə dəstək verən səfirliyin proqramı haqqında məlumat verib. Azərbaycanda ingilis dili bacarıqlarının inkişaf etdirilməsinin əsas prioritet olduğunu, səfirliyin burada nail olmağa ümid etdiyi bir çox işlərin əsasını təşkil etdiyini deyən Litzenberqer təlim kursunun azərbaycanlıya öz ölkəsinin iqtisadiyyatının şaxələndirilməsində iştirak etməyə, dünyada ingilis dilində danışan 1,4 milyard insanla ünsiyyət qurmağa, Hollivud filmlərindən həzz almağa, planetimizin ən çox istifadə olunan dilində kitab və qəzet oxumağa kömək edəcəyini bildirib.

 

Tədbirdə ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək ümumtəhsil müəssisələrində ingilis dilininin tədrisində kurikulumların yenilənməkdə olduğunu deyib. R.Əzizov əlavə edib ki, ARTİ tərəfindən proqramların və dərsliklərin yenilənməsi üçün müxtəlif ölkələrin təcrübələri tədqiq olunur. O qeyd edib ki, ingilis dili tədrisinə yeni yanaşmalar müəllimlərin peşəkar inkişafı ilə bağlı uzunmüddətli ehtiyacların da müəyyən olunmasını əhatə edəcək.

 

Qeyd edək ki, konfransda müəllim-təqdimatçılar əksərən ünsiyyət-əsaslı tədris metodlarının istifadəsinə dayanan pedaqoji strategiyalar haqqında seminarlar təşkil ediblər. Həmçinin Fulbrayt və ingilis dili mütəxəssislərinin 2 günlük seminarları, ADA Universitetinin professor-müəllim heyəti və tədqiqatçılarının təqdimatları nümayiş etdirilib.

 

Konfransda ADA Universitetinin prorektoru, dr. Fariz İsmayılzadə, ABŞ-nin Azərbaycandakı Səfiri Li Litzenberqer, ARTİ-nin direktoru Rüfət Əzizov, 30 regional şəhər və qəsəbədən 350-dən çox orta məktəb müəllimi iştirak edib.