Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 12:43:26
700 ballıqların iş arzuları- “Universitetdə oxuya-oxuya NASA-da çalışmaq istəyirəm”

Bəzi tələbələr gənc yaşlarında öz ayaqlarının üzərində dura bilməyi bacarmaq və pul qazanmaq üçün ali təhsil ala-ala müxtəlif müəssisələrdə işləməyə üstünlük verirlər. Mütəxəssislər hesab edir ki, bu cür gənclərin gələcək iş həyatlarında uğur qazanma faizi digərlərinə nisbətən daha yüksəkdir.

Bəs qəbul imtahanlarında maksimum nəticə - 700 bal-  göstərərək, ali məktəbə qəbul olunan tələbələr bakalavr pilləsində oxuduqları müddətdə  işləməyi düşünürlərmi?

AzEdu.az  bu sualla 700 bal toplayan bir neçə tələbəyə müraciət edib:

ADA Universitetinin tələbəsi Pərvin Əhmədova dəqiq dərs rejimi olmadığı səbəbdən, haradasa işləmək istədiyini bildirib:

“Reallığı nəzərə alsaq, bu, mümkün deyil. Ancaq hansısa kursda ya müəllim köməkçisi, ya da elə müəllim olaraq çalışmaq istərdim. Məncə, müəllim kimi işləmək məndə alınar”.

Bakı Ali Neft Məktəbinin tələbəsi Vasif Əsədov qeyd edib ki,  NASA-da çalışmaq ən böyük arzularından biridir:

“Ulduzlar, kainat ya qalaktikalararası məsafələrin təyini, ulduzların, planetlərin və digər göy cisimlərinin xarakteristikaları və s. sahələr marağımı inanılmaz şəkildə cəlb edir. Hətta tələbəykən də elə həmin sahələr üzrə  işləmək istəyərdim. NASA olmasa da seçimim “SPACEX” şirkəti olardı”.

ADA Universitetinin tələbəsi Jalə Rəcəbova hələki işləmək barədə fikirləşmir:

“Tələbə ola-ola işləmək barədə hələki düşünmürəm. Zamanımı öz ixtisasımı daha dərindən öyrənməyə ayıracam”.

Bakı Dövlət Universitetinin tələbəsi Elvin Kərimli universitet zamanı əsas diqqətini ixtisasını mükəmməl öyrənməyə və magistraturaya mükəmməl hazırlaşmağa yönəldəcəyini vurğulayıb:

“Magistr təhsilimi dünyanın tanınmış universitetlərində davam etdirmək istəyirəm. İşləməyə gəldikdə isə hüquq ixtisası üzrə dövlət orqanlarında və ya şirkətlərdə təcrübə keçmək barədə düşünürəm və bu imkanı qazansan çox sevinərəm. Qarşıdakı 4 ildə ixtisasımı mükəmməl öyrənməyi qarşıma məqsəd qoymuşam”.

Azərbaycan Tibb Universitetinin tələbəsi Rəna Əliyeva tələbə olduğu müddət ərzində çalışmaq istəmədiyini söyləyib:

“Çalışmağa ayıracağım zamanı əlavə vəsaitlərdən dərs oxumağa ayırmaq istərdim”

Azərbaycan Tibb Universitetinin tələbəsi Anar Kərimxanov isə çalışmaq niyyətindədir:

“Təcrübə qazanmaq üçün II kursdan işləmək istəyirəm. Hara olacağını isə zaman göstərəcək”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları