Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-02 13:51:00
“Bəziləri məktəb vaxtı evlənib, yenidən dərsə gəlir və bunun bilinməməsini istəyirlər”- PROBLEM

“Erkən nikah halı müşahidə edən məktəb rəhbərliyi mütləq şəkildə aidiyyatı dövlət orqanlarına məlumat verməlidir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında hüquqşünas Əlövsət Allahverdiyev deyib.

 

Belə ki, sosial şəbəkələrdə Sabirabad rayon Qəzli kəndində 9-cu sinif şagirdinin toyu olmasıyla bağlı məlumat yayılıb.

 

Geniş müzakirələrə səbəb olan xəbəri “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə ictimailəşdirib. 

 

Əlövsət Allahverdiyev məsələnin hüquqi tərəfi haqqında məlumat verib:

 

“Hazırda məktəblərdə icbari orta təhsil məcburidir. Ümumiyyətlə, nikah yaşına çatmayan şəxslərin evlənməsi düzgün qiymətləndirilmir. Onlar azyaşlı olduğu üçün nikaha daxil ola bilmirlər, lakin ailə həyatı qururlar. Belə ki, onlar dövlət tərəfindən rəsmi qeydiyyatdan keçmək imkanı əldə edə bilmirlər. Erkən ailə qurmaq qanunla normal hal kimi dəyərləndirilmir”.

 

Hüquqşünas məktəb rəhbərliyinin bu kimi hallarda hansı tədbirləri görməli olduğu haqqında məlumat verib:

 

“Məktəb rəhbərliyi həmin halları müşahidə edirsə,  bu barədə mütləq şəkildə aidiyyatı dövlət orqanlarına məlumat verməlidir. Eyni zamanda hüquq mühafizə xidmətlərinə müraciət etməlidir. Həmin şagirdlə ailə quran və buna imkan yaradan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu, birmənalı olaraq qanunla icazə verilən vəziyyət  deyil. Həmin hallar gələcəkdə çox böyük fəsadlara səbəb ola bilər. Hətta bəziləri məktəb vaxtı evlənir və yenidən təhsil müəssisəsinə gələrək bu kimi halın bilinməməsini istəyirlər. Bu, həmin şəxslərin gələcəkdə təhsil ala bilməməsinə və digər mənfi hallara da yol aça bilər. Eyni zamanda erkən nikahlar ailələrin tez dağılmasına şərait yaradır. Onların yetkin yaşda olmaması, həyata baxışlarının formalaşmaması  və ailə nə olduğunu bilməmələri kimi səbəblərdən ailələr dağılır.

 

Bu barədə ilk olaraq direktor polisə müraciət etməlidir. Həmçinin, prokurorluğa da müraciət oluna bilər. Ola bilsin ki, həmin azyaşlı aldanıb ailə qurur, burada oğurlanma halı da ola biləır. Bu kimi situasiyalar araşdırılmalıdır. Eyni zamanda  həmin şəxsin vəziyyəti də nəzərə alınır. Onlardan könüllü yoxsa, məcburi ailə qurulduğu soruşulur.  Əgər ailənin qurulmasında məcburiyyət varsa,  bu, cinayət tərkibi yaradır. Lakin digər hallarda da məsuliyyət tərkibi formalaşır. İlk baxışda hüquq mühafizə orqanları və prokurorluq orqanları bu kimi məsələləri araşdırmalıdır”.  

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi də IX sinif şagirdinin evləndirilməsi ilə bağlı xəbərlərə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, vaxt təyin olunan toy mərasiminin keçirilməsinin qarşısı alınıb. 

 

Bundan əlavə, məktəblinin valideynləri polis şöbəsinə dəvət olunub, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları