Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-22 11:30:00
Müəllimlər  məktəbəhazırlıq qruplarındakı uşaqlara hansı əsərləri oxumalıdırlar? – Tənqidçidən tövsiyələr

 

 “Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün müəllimlər  zəngin folklorumuzdan  və klassik ədəbiyyatımızdan  müəyyən parçalar oxumaqla, eləcə də  məzmununu uşaqlara söyləməklə onların dünyagörüşünü inkişaf etdirə bilərlər”.

 Bu sözləri AzEdu.az-a açıqlamasında ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir  deyib. Onun fikrincə,  uşaqlara vətənpərvərlik, humanistruhlu, o cümlədən,  onların tərbiyəsinə, əxlaqına müsbət təsir göstərən əsərləri oxumaq lazımdır:

“Müəllimlər Nizami Gəncəvi, Məhəmməd Füzuli, Abbas Səhhət, Mirzə Ələkbər Sabir və digər şairlərin əsərlərini oxumaqla yanaşı,  eləcə də, müasir Azərbaycan ədəbiyyatından da yararlana bilərlər.  Uşaqlara faydalı ola biləcək, onların psixologiyasına, yaşına uyğun əsərləri də oxuya bilərlər. Vətənpərvərlik, humanist ruhlu, tərbiyə və əxlaqa müsbət təsir göstərən əsərlər çox diqqətlə seçilməlidir.

Uşaqlara “Kitabi-Dədə Qorqud” dastanından bir sıra  boylar, “Koroğlu” dastanından müəyyən qollar oxumaq olar.  Abbasqulu ağa Bakıxanovun   “Təhzibül-əxlaq” əsərində  əxlaqın saflaşdırılması yönündən  çox gözəl məsləhətlər verilib. Müəllimlər həmin əsərdən parçalar oxumaqla, uşaqların mənəvi aləmini zənginləşdirə bilərlər.  

Azərbaycan ədəbiyyatından bır sıra tərbiyəedici xalq nağılları  ilə yanaşı,   dünya ədəbiyyatından da bu məzmunda müəyyən nümunələri   uşaqlara oxumaq lazımdır. Xüsusilə ,Viktor Hüqonun ”Səfillər” romanında  uşaqların həyatı ilə bağlı parçaları oxumaq daha yaxşı olar”.  

Tənqidçinin sözlərinə görə,  zamanın   sınağından  çıxmış klassik əsərlərin mütaliəsi uşaqların psixologiyasına çox müsbət təsir  göstərir:

“Orta əsrlərdə  mədrəsələrdə  əsasən  Sədi Şirazinin “Gülüstan“ əsəri oxunub. Əslində, bu, pis ənənə deyildi.  Çünki  əsər hikmətamiz fikirlərlə  zəngindir.  Uşaqların psixologiyasına zamanın  sınağından çıxmış əsərlər  müsbət təsir göstərir.  Onlara Qabus ibn Vəşmgirin  “Qabusnamə” əsərini də  oxumaq çox faydalı olar.

 Uşaqlara müəyyən fəlsəfi  etikaya dair  kitablar oxumaq vacibdir.   Ziyəddin Göyüşovun   “Fəzilət və Qəbahət” kitabı onların dünyagörüşünə olduqca müsbət təsir göstərə bilər.

Lev Tolstoyun uşaqlar üçün yazdığı əsərləri var ki,  bu əsərlərdən də istifadə etmək olar.    

Deyl Karneginin  “Dostları necə qazanmalı və insanlara təsir etməli” kitabının məzmununu  müəllimlər  uşaqlara söyləməklə  onların gələcək həyatlarına müsbət təsir göstərər”. 

Ə.Cahangir açıqlamasında bildirib ki, 2000-ci illərdən sonra  Azərbaycanda uşaq ədəbiyyatı  nisbətən zəifləyib. Ona görə də bu illərə aid  əsərlərin adını çəkməkdə çətinlik  çəkir:  

 “Azərbaycanda 2000-ci illərdən sonra  uşaq ədəbiyyatı nisbətən zəif  inkişaf etdiyinə görə  bu illərə aid  əsərlərin adını çəkməkdə çətinlik yaranır. Vətənpərvlik  ruhda, vətənə sevgi  uğrunda  tərbiyə nöqteyi nəzərindən uşaqlara Qarabağ mövzusunda yazılmış əsərləri oxumaq faydalıdır. Aqil Abbasın “Dolu” romanı, “Çadırda Üzeyir Hacıbəyov  doğula bilməz” kitabı   Qarabağ mövzusuna həsr olunub və bunların  məzmununu uşaqlara söyləməklə onların vətənpərvərlik ruhuna tərbiyə olunmasına  təsir etmək olar.

 Jurnalist-yazıçı Nurəddin Babayevin  xüsusilə gəncliyin tərbiyəsi istiqamətində  olan “Qızlar, sözüm sizədir”,   “Qızlar  söz istəyir” kitablarını məktəbə hazırlıq qruplarında oxuyacaq uşaqlara oxumaq faydalıdır.  Məktəbəhazırlıq qruplarında oxuyacaq uşaqlara təkcə mənəvi sağlamlıqdan deyil, eləcə də fiziki sağlamlıqdan bəhs olunan əsərlərdən də parçalar oxunmalıdır”. 

Günel Yaşarqızı