Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-29 09:56:21
ADNSU-da Gənc Tədqiqatçı və Doktorantların Elmi Konfransı keçirilir  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Gənc Tədqiqatçı və Doktorantların Elmi Konfransı işinə başlayıb.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. O, ölkəmizdə gənclərin təhsili üçün geniş imkanlar yaradıldığını vurğulayıb.

Rektor, eyni zamanda, elmin inkişafında, xüsusən də süni intellektlə bağlı elmi nailiyyətlərin əldə olunmasında gənc alimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfransın gənc tədqiqatçıların fəaliyyətindəki rolundan bəhs edib. AMEA-nın Gəncə bölməsinin təmsilçisi Elnur Həsən konfransın əhəmiyyətindən və gənc tədqiqatçılar üçün yaradılan yüksək şəraitdən danışıb.

Universitetin doktorantları və gənc tədqiqatçıları Rəşad Şıxıyev “Suyun keyfiyyət indeksinin qiymətləndirilməsi üçün qeyri-səlis yanaşmanın tətbiqi”, Nurlan Mustafayev “Su vurulmasının quyu məhsuldarlığına təsiri” mövzularında məruzələrlə çıxış ediblər.

Aprelin 29-da başa çatacaq konfransda müxtəlif bölmələr üzrə (Kimya, Kimya-texnologiya, Ekologiya, Geologiya və geofizika, Neft-qaz yataqlarının mənimsənilməsi, Mexanika və maşınqayırma, Energetika və enerji resursları, Avtomatika və informatika, İqtisadiyyat və idarəetmə) iclaslar keçiriləcək.