Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-28 09:39:00
Nazirin son müsahibəsində toxunduğu maraqlı detallar-Bağçalar,təmirsiz məktəblər

26 aprel tarixində Təhsil naziri Emin Əmrullayev Asan radionun “Qəbuldasan” proqramına qonaq olub.

 

O, proqram zamanı təhsil sahəsində insanları maraqlandıran bir sıra vacib məqamlara toxunub.

 

AzEdu.az həmin məqamları təqdim edir:

 

Nazir qeyd edib ki, pandemiya daha çox ucqar kəndlərdəki şagirdlərə mənfi təsir göstərib

 

Onun sözlərinə görə, ucqar kəndlərdə internetə çıxışı olmayan təhsil alanlar üçün pandemiyanın yaratdığı problemləri uzun müddət görəcəyik.

 

Azərbaycanda uşaq bağçalarında yoxlamalar keçiriləcək

 

Uşaq bağçalarının müdirlərinin işə qəbulunun müsabiqə əsasında keçirilməsi nəzərdə tutulur.

 

Onun sözlərinə görə, yaxın həftələrdə bununla bağlı elan veriləcək.

 

Nazir bildirib ki, növbəti həftələrdə bağçalarda planlı və plandankənar yoxlamalar keçiriləcək.

 

Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib

 

Emin Əmrullayev bildirib ki, nazirlik dərs yükünün azaldılması istiqamətində əlindən gələni edir:

 

“Müşahidələrimiz göstərir ki, bəzən də lazım olmayan yük əsassız şəkildə çantalara yüklənilir. Həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazım deyil. Həmçinin qidalanma, su da var. Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlərdir. Heç də hər gün məktəbə aparılmayan əlavələrdir. Bu da məktəb səviyyəsində həll olunmalıdr. Nazirlik hər bir uşağın çantasını yoxlamaq iqtidarında deyil”.

 

Azərbaycan dilində tədris verməyən özəl məktəblərin lisenziyaları geri alına bilər

 

Nazirin sözlərinə görə, fərq çox böyükdür:

 

“Hər bir valideynin öz övladının tədris dilini seçmək hüququ var. Rus bölməsinə getmək istəyən uşaqların dil biliyi yoxlanılır. Tövsiyəmiz odur ki, ailədə uşaq hansı dildə danışırsa, həmin dildə tədris alması məqsədə uyğundur. Uşağa ağır stres yaratmağa ehtiyac yoxdur. Ən yaxşı məktəblərimiz belə məhz Azərbaycan dilində olan məktəblərdir”.

 

Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin sayı açıqlanıb

 

“Azərbaycanda 900-ə qədər təmirə ehtiyacı olan məktəb var. Ancaq ölkədə 4 400 məktəbin olduğunu nəzərə alsaq, kifayət qədər təmirli məktəbin mövcudluğunu hesab edə bilərik”.

 

Emin Əmrullayev qeyd edib ki, hər il Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən müəyyən sayda məktəb əsaslı təmir olunur:

 

“Bütün məktəbləri eyni vaxtda təmir etmək mümkün deyil. Növbəlilik prinsipi var ki, şagird sayı çox olan, ən pis vəziyyətdə olan, eləcə də regional bölgü nəzərə alınaraq məktəblər təmir olunur”.

 

Nazir məcburi köçkün məktəblərində dərs deyən müəllimlərin gələcək taleyinə aydınlıq gətirib

 

Nazir vurğulayıb ki, artıq azad olunan ərazilərdə məktəb tikintilərinə başlanılıb:

 

“İlin sonunadək Şuşa və Ağdamda təhsil müəssisələri istifadəyə veriləcək. Müəllimlərin tədris üçün həmin məktəblərə getməsi öz-özlüyündə çətin prosesdir. Həmin ərazilərdəki məktəblər orada yaşayacaq insanlar üçün yaxşı iş imkanı deməkdir. Bir faktı da qeyd edim ki, hazırda kənddə ən çox əmək haqqı alan şəxs də məhz müəllimdir. 

 

Yeni tədris ilindən məktəblərdə könüllü ianə modeli tətbiq oluna bilər

 

“Valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsi ilə bağlı bir neçə model təqdim olunub”.

 

Nazir söyləyib ki, yeni tədris ilindən pilot şəkildə tətbiqi planlaşdırılır:

 

“Məktəblər bu işə könüllü qoşula bilər. İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanuna ziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları