Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 16:50:00
"Mentorluq fəaliyyətimi Emin Əmrullayevlə həyata keçirmək istəyirəm"-“Yüksəliş”dən 100 bal toplayan MÜƏLLİM  

 

 

 "Yüksəliş" müsabiqəsinin “Ümumi biliklər üzrə onlayn imtahan”ı keçirilib.

 

İmtahan zamanı maksimal 100 balı Mehdiabad qəsəbə 1 saylı orta məktəbin tarix müəllimi Sərvər Rüstəmov toplayıb.

 

AzEdu.az-a danışan Sərvər Rüstəmov təəssüratlarını bizimlə bölüşüb:

 

Gəlin, onu yaxından tanıyaq:

 

Rüstəmov Sərvər Seyran oğlu Qax rayonunda anadan olub. Orta təhsilini 2006-cı ildə başa vurub. 630 bal toplayaraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 2006-2010-cu illərdə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 2011-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycanın yeni tarixi üzrə magistr təhsili alıb. 2014-2017-ci illərdə AMEA-nın  Tarix İnstitutunda doktorantura təhsilini davam etdirib. 2018-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində 56 bal toplayaraq   Mehdabad qəsəbəsi 1 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlayıb.

 

Müəllim müsabiqəyə qatılmaq istəyindən söz açıb:

 

“Uzun zamandır ki, “Yüksəliş” müsabiqəsində iştirak etməyi planlayırdım. Həmçinin, məktəbdən mənə sual verirdilər ki, iştirak edəcəksiz? Mən də cavab olaraq iştirak etmək istədiyimi dilə gətirirdim. Çünki sualların çoxu tarix, ədəbiyyat və dünyagörüşü ilə bağlı idi. Vaxtı ilə sahibkarlıqla bağlı idarəetmə fəaliyyətim olub. 2014-cü ildə hazırlıq mərkəzi açmışdıq, burada universitetə və olimpiadalara hazırlıqlar həyata keçirilirdi. Bu işim də “Yüksəliş” müsabiqəsində idarəetmə kimi sayıldı”.

 

O, müsabiqənin hazırlıq mərhələsindən danışıb:

 

 “Xüsusi olaraq hazırlaşmadım, çünki tarix ixtisasım idi. Həmçinin, çoxlu kitab mütaliyələrim də olurdu. “Yüksəliş”in materialları çox geniş və ümumi olduğu üçün toxunulduğu məsələlərin də əksəriyyəti  coğrafiya və ədəbiyyatla bağlı idi. Xüsusi bir kitab və proqram yox idi ki, gedib onu oxuyaq. Coğrafiyadan bir çox mövzuları nəzərdən keçirdim”.

 

Müsahibimiz sonrakı mərhələlərə necə hazırlaşacağı haqqında məlumat verib:

 

 “Bundan sonrakı mərhələ məntiq və hesablama bacarıqlarına əsaslanır. DİM-in magistratura üçün nəzərdə tutulan  məntiq kitabından istifadə edəcəm.

 

Ötən il də “Yüksəliş” müsabiqəsində  iştirak etdim. O zaman 334-cü pillədə qərarlaşdım və ilk 100-lüyə daxil ola bilmədim”.

 

Sərvər Rüstəmov final mərhələsində qalib olacağı təqdirdə kiminlə mentorluq etmək istəməsi barədə fikir bildirib:

 

“Təhsil sahəsində təmsil olunduğum üçün  Təhsil naziri Emin Əmrullayevlə fəaliyyətimi davam etdirsəm, çox yaxşı olar. Təhsil həmişə mənə maraqlı gəlib. Çünki özüm də marifləndirmə işi ilə məşğulam. Karantin dövründə “Youtube” kanalı açmışdım, uşaqlara ödənişsiz təlimlər keçirdim. Ona görə də təhsil sahəsində fəaliyyətimi davam etdirmək mənim üçün vacibdir”.

 

O, “Yüksəliş” qalibi olduğu təqdirdə nə kimi işlər görmək istəməsindən söz açıb:

 

“Azərbaycanda qabiliyyətli müəllim və şagirdlərin sayı çoxdur. Ölkəmiz bu baxımdan çox zəngindir. Xüsusi fənn proqramlarının yazılması, valideyn və şagirdlərin  öndə olması üçün yeni layihələrin  ölkəmizdə tətbiqi çox vacibdir. Seçildiyim təqdirdə bu istiqamətdə işlər görməyi planlayıram”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları