Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 15:20:00
Jurnalistlərlə Təhsil Nazirliyi yanında İctimai Şura arasında maraqlı dialoqlar-Vacib məqamlar-FOTOLAR

25 apreldə AzEdu Təhsil Portalının təşkilatçılığı ilə Təhsil Nazirliyi yanında İctimai Şura və Təhsil Jurnalistləri Birliyi arasında görüş keçirilib.

 

Görüş zamanı şura üzvləri və jurnalistlər təhsil sahəsi ilə bağlı vacib məsələlərə toxunaraq, onların həlli istiqamətində fikirlərini ifadə ediblər.

 

AzEdu.az görüşdə yaşanan  vacib məqamları təqdim edir:

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova valideyn və məktəb münasibətlərinin tənzimlənməsi ilə bağlı fikirlərini bildirib:

 

“Müzakirələrə səbəb olan Valideyn-Müəllim Assosiasiyaları qeyri-hökumət təşkilatıdır və o, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınır. Məktəblərdə bu kimi qurumların tam fərqli idarəetmə sistemi var. Həmin məsələlərə daha çox Təhsil Nazirliyi deyil, Ədliyyə Nazirliyi nəzarət edir.

 

Problemlərin həll olunmasında İctimai şura daha çox dinləmələr həyata keçirir ki,  birlikdə müzakirələr nəticəsində məsələnin həlli tapılsın”.

 

 

İctimai Şuranın üzvü Məleykə Əlizadə son zamanlar geniş müzakirələrə səbəb olan bullinq  məsələsinə münasibət bildirib:

 

“Müəllimlərin şagirdlərə fiziki zorakılıq göstərməyə ixtiyarı yoxdur. Biz onlarla bu kimi problemləri müzakirə edirik. Yaxşıları daha çox qabartmaq lazımdır ki. neqativ olaylar   tədricən düzsələ bilsin. Bəzən elə hesab edilir ki, tədrisdə heç nə yaxşı deyil, lakin müsbət hallar da çoxdur. Mətbuat olimpiada qaliblərini də təbliğ edə bilər. Bu müəllim və valideynlər üçün motivasiya xarakteri daşıyacaq”.

 

 

İctimai Şuranın üzvü və ADA Universitetinin müəllimi Gülməmməd Məmmədov şuranın hansı işləri yerinə yetirdiyinə aydınlıq gətirib:

 

“İctimai şura neytral platformadır, burada cəmiyyət və Təhsil Nazirliyi təmsil olunur. Bizim əsas rolumuz monitorinq rolunu həyata keçirməkdir. Eyni zamanda sifarişləri cəmiyyətdən alaraq Təhsil Nazirliyinə ötürürük, ondan aldığımız cavabı isə cəmiyyətə çatdırırıq. Biz burada vasitəçi rolunu oynayırıq. Mediadan nəyisə tələb etmək kimi niyyətimiz yoxdur, çünki o, azad şəkildə fəaliyyət göstərir. Jurnalistlər nəyi istəsələr, onu qabarıq şəkildə təqdim edə bilərlər.

 

Müəllimi işdən çıxarmaq üçün  qanunvericilik əsasında proses həyata keçirilməlidir, bu istiqamətdə Təhsil Nazirliyi  müəllimləri işdən kənarlaşdıra bilmir. Bu məsələ Təhsil Nazirliyinin də birbaşa üzərində deyil. onun  xüsusi səlahiyyəti yoxdur.

 

Azərbaycanda ata valideynlər övladlarının təhsilində iştirak etmir. Məktəb sektorunu daha çox qadınlar təşkil edir.

 

Peşə təhsili inkişaf etsə belə bu gün iş yerləri üçün ali təhsili olan şəxslər seçilir. Lakin bu siyasət dəyişməli və elanlarda yerini almalıdır”.

 

 

Deputat və İctimai şuranın üzvü Etibar Əliyev təhsildəki problemlərdən danışıb:

 

“Biz daha çox orta təhsilə fokuslanmışıq, lakin peşə və digər təhsil sahələri bir qədər kənarda qalıb. Ali və peşə təhsili isə bərbad vəziyyətdədir. Bəzi rektorlar ali təhsili məhv edirlər.

 

92 min nəfər buraxılış imtahanı verib, onlardan 23 mini 0-50 bal aralığında nəticə əldə edib. Bunun səbəbi 10-11-ci siniflərdə dərslərin olmamasıdır. Məktəbi kənar şəxslər idarə edir. Təhsil ictimai dəyərdir, onu qahumluq və yaxınlıqla məhv etmək olmaz. Bunların qarşısı alınmalıdır”.

 

 

Sonra isə jurnalistlər bir sıra məsələlərin həll olunmasının vacibliyi ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuraya müraciətlər ünvanlayıblar.

 

Bunlara məktəb binalarının təmirsiz vəziyyəti və onun yaşatdığı problemlər, dərs yükünün şagirdlərə həddindən artıq yüklənməsi, dərsliklərdə alavə mövzuların çoxluğu kimi məsələlər daxildir, həmçinin təhsil jurnalistləri üçün terminlər lüğətinin və braşuraların buraxılması kimi təkliflər irəli sürülüb.

 

İctimai Şura bu təklifləri Təhsil Nazirliyinə çatdıracağını qeyd edib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları