Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-16 10:35:00
AzTU-da Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Birinci Qarabağ müharibəsində şəhid olmuş tələbəsi Elşad Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər və universitet nümayəndələri iştirak edib.

 

Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, AzTU-nun tələbə və məzunları torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət edib. Rektor qeyd edib ki, 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı ali təhsilini yarımçıq saxlayıb döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə yüksələn Elşad Əliyevin də xatirəsi universitetdə hər zaman yad olunur və bu belə də davam edəcək.

 

Rektor 44 günlük Vətən müharibəsində də AzTU-nun tələbə və məzunlarının iştirakını xüsusi vurğulayıb. Bildirib ki, 44 günlük Vətən mühribəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə yüksəlib. O da qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirib.

 

Daha sonra AzTU-nun Media ilə iş və kommunikasiya şöbəsinin Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri Zöhrə Məmmədova çıxış edib. Bildirib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif layihələr həyata keçirilir.

 

Şəhid ailələri adından çıxış edən ”Şəhid analarına dəstək” İctimai Birliyini sədri, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova belə tədbirlərin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib.

 

Daha sonra Elşad Əliyevin təhsil aldığı Binəqədi rayonu 244 saylı orta məktəbin 4-cü sinif şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış edib.

 

Qeyd edək ki, AzTU-nun Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn tələbəsi Elşad Əliyev 1975-ci il fevralın 27-də Bakıda anadan olub. O, 1991-ci ildə AzTU-ya qəbul olunub. 1993-cü ildə Birinci Vətən müharibəsində iştirak etmək üçün ali təhsilini yarımçıq saxlayıb. 1993-cü ildə Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!