Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 11:52:00
Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsinə qeydiyyat davam edir

Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə aprelin 29-dan mayın 3-dək Quba rayonunda tələbələrin yaz düşərgəsi təşkil ediləcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında təhsil alan III və IV kurs tələbələri və magistrantları iştirak edə bilərlər.

 

Düşərgədə iştirak etmək istəyən tələbələr aprelin 20-dək https://anket.edu.az/link/179 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar. Test imtahanının aprelin 23-24-də keçirilməsi nəzərdə tutulur.

 

Düşərgə çərçivəsində tələbələr üçün təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər təşkil ediləcək. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin müxtəlif idman və bilik yarışları təşkil olunacaq.

 

Qeyd edək ki, düşərgənin təşkilində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.