Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 15:01:00
Müəllimlər robot deyil ki, MİQ-də zamanla yarışsın-Bəhmən Məmmədov

“Kurikulum sahəsində vahid vəsaitin olmaması bizim ayıbımızdır`.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Bəhman Məmmədov deyib. 

 

Belə ki, Müəllimlərin İşə Qəbulu müsabiqəsində bir sıra dəyişiklər edilib. Bu ildən etibarən suallar 100 ballıq sistem ilə qiymətləndiriləcək və imtahan müddəti 120 dəqiqəyə kimi çıxarılıb.

 

Bəhmən Məmmədov məsələ ilə bağlı fikirlərini bildirib:

 

“MİQ müsabiqəsində edilən dəyişikliyə əsasən sual sayları olduğu kimi qalır. Bu,  müsbət haldır, lakin onların qiymətləndirilməsində fərqlər müşahidə edilir. Müəllimin normal biliyi mühakimə olunmadığı müddətdə problemlər yaşanır. Onun bacarıq  standartı lazimi keyfiyyətdə deyilsə, verəcəyi imtahanın heç bir nəticəsi  olmayacaq. Müəllim dərsliklərdə olan mövzunu qavramayaraq tətbiq etsə, şagirdlər üçün problem yaşanacaq.

 

Vaxt məsələsinin uzaldılması önəmli idi. Çünki müəllimlər robot deyil, onlar zamanla yarışdırılmamalıdır. Bu şəxslər  üçün mühakimə əsaslı sual tipləri qoyulmalıdır ki,  bilikləri yoxlanılsın, çünki sürətli düşnmədən daha çox  mühakiməli fikirləşmək   vacibdir. Bu şəxslər geniş mənada analiz və sintez etmə bacarığına yiyələnməlidir. İstəyirik ki, bizdə bu kimi nüanslar formalaşsın.

 

Əvvəllər deyirdilər ki, müəllimlər sürətli oxuya bilmirlər. Lakin onlara düşünmə müddəti  verilməlidir. Ötən il salınan suallarda  müəllimlər  onların həllərini bilirdi, lakin hər sual üçün 4-5 dəqiqə vaxt lazım idi. Bu sualları hazırlayan şəxslər 10 il məktəbdə fəaliyyət göstərməli,  test tapşırıqlarının həqiqətən  ölçülü və  genişmiqyaslı olmasına nəzarət etməlidir. Bu şəxsin özü də həmin sualı qarşısına saat qoyaraq nəzərdə tutlan  vaxt müddətində həll etməlidir. 90 dəqiqənin 120 edilməsi sualların çətinlik və vaxtaparan olması demək deyil”.

 

Bəhmən müəllim kurikulum suallarına əlavə mövzular salınmasına da münasibət bildirib:

 

“Kurikulumun məqsədi şagird və müəllimləri əzbərçilikdən uzaqlaşdırmaq idi. Hazırda müəllimlər onun mahiyyətini anlamadan  əzbərləyirlər. Bu, sahədə vahid vəsaitin olmaması bizim ayıbımızdır. Ortada çoxlu kurikulum kitabları var. Birinin yazdığını, digərləri inkar edir. Mağazalara daxil olduqda 10 ədəd ayrı-aryılıqda kurikulum kitabı olur. Bu istiqamətdə heç bir ədəbiyyat siyahısı, kitab tövsiyə olunmur. Nəticədə müəllimlər arasında çaşqınlıq yaranır. Bu, da müəllimlərin kurikulumu əzbərləməsinə gətirib çıxarır. Onların ruhuna işləyəcək kurikulum kitabı yaradılmalıdır”.

 

Müəllim MİQ-in müsahibə mərhələsində edilən səhvlərlə bağlı fikirlərini ifadə edib:

 

“Müsahibə mərhələsində universiteti yeni bitirən müəllimlər də iştirak edir. Onlar arasında ünsiyyət problemi yaşayan və  utancaqlıq kimi xarakterlərə malik şəxslər də olur. Onlar dialoqa girməkdə çətinlik yaşaya bilərlər. Müəllimlərimizi sosial olaraq yetişdirmək istəyiriksə, bunu bir zəhmət universitetlərdən başlamaq vacibdir. Əgər ali təhsil müəssisələri bunu etməyibsə, bir çox problemlər yaşanacaq.

 

Müsahibə mərhələsində ekspert qurupları bəzən çox aqressiv şəkildə namizədi qarşılayır, onlar müdavimdən bir təbəssümü belə əsirgəyirlər. Şəkillərə baxdıqda bu kimi hallar müşahidə edilir. Müəllimlərlə etik ünsiyyət formalarında davranmaq lazımdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları