Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-04 13:32:00
Elmi işlə məşğul olmayan şəxslər AMEA-dan kənarlaşdırılmalı, qurumlar birləşdirilməlidir-Vitse-prezident

 

 “AMEA-da əmək funksiyasını yerinə yetirmək qabiliyyətinə malik olmayan şəxslər ixtisar olunmalıdır”.

 

 Bu sözləri AzEdu.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik  Dilqəm Tağıyev deyib.

 

Belə ki, vitse-prezident mətbuata açıqlamasında AMEA-nın strukturuna bir daha baxılmalı olunduğu və  profilcə yaxın olan bir neçə institut bazasında oxşar məqsədi və proqramı olan elmi mərkəzlərin yaradılması, lüzumsuz qurumların birləşdirilməsi və ya ixtisar edilməsi, yeni elmi-innovasion strukturların yaradılması nəzərdən keçirilməli olduğunu deyib.

 

O, bəzi fikirlərinin mediada yanlış anlaşıldığını söyləyib:

 

 “Bəzi fikirlərim mətbuatda təhrif olunub. Mən institutların ləğvi haqqında danışmamışam, sadəcə bəzi qurumların sıradan çıxarılmasını irəli sürmüşəm. Buraya laboratoriya  və şöbələr də daxil ola bilər. Çünki institut və qurum anlayışı bir-birindən fərqlənən ifadələrdir. Qurumlar hər bir instituta daxil olan müxtəlif strukturlardır. Çünki elə qurumlar olur ki, onlar bir-birini təkrar edir, bu səbəbdən  də ləğvlərinə  ehtiyac yaranır. Əgər iki qurumdan biri yaxşı,  digəri isə zəif inkişaf edirsə, onlar birləşdirilməlidir. Bu, onların birlikdə inkişafına yol açacaq”.

 

Akademik işçilərin ixtisarı ilə bağlı fikirlərə münasibət bildirib:

 

“O şəxslər kənarlaşdırılmalıdır ki,  onlar bilavasitə elmi işlə məşğul olmurlar. Bu tip işçilər  müxtəlif şöbə və qurumlarda işləyir, amma elmi tədqiqat işini görmürlər”.

 

Vitse-prezident yaş həddi fikrinə də aydınlıq gətirib:

 

“Yaş həddini aşağı salarkən əvvəlcə akademiyada işləyən şəxslər üçün təqaüd məsələsinə baxılmalıdır. Bundan sonra isə elə bir yaş həddi qoyulmalıdır ki, adi normadan yuxarı olsun. Misal olaraq, büdcədən maliyələşən təşkilatlarda pensiya həddi  65 müəyyən olunub. Bizdə isə 70-75 yaş kimi tənzimlənə bilər. O adamlar ki, iş görmək və əmək funksiyasını yerinə yetirmək qabiliyyətinə malik deyillər, onlar kənarlaşdırılmalıdır. Çünki həmin insanları də qorumaq lazımdır. Onlar üçün ictimai nəqliyyatdan istifadə və işə gəlib-getmək sağlamlıqları üçün çətinliklər törədəcək. Müəyyən həddən sonra onlara istirahət etmək lazımdır. Əvəzinə isə cavanlara yer vermək vacibdir. Elmimizin gəncləşməyə ehtiyacı var. Bizdə isə orta yaş həddi yuxarıdır. Elə institutlarımız var ki, orada 70 yaşdan yuxarı 2-3 nəfər var, lakin elələri də var ki, orada 80-85 yaşında  insanlar çalışır. Onlar üçün  işləmək  çox çətindir. Bəzi hallarda  yaşı çox olub elmi fəaliyyətə töhvə verə bilən alimlər də olur, amma bu hamıya aid edilmir. Cavanları AMEA-ya cəlb etmək lazımdır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları