Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-30 14:27:00
Ukraynadan gələn şagirdlərin psixoloji sarsıntıları – Direktorları AzEdu.az-a danışır

 

 

Ukraynada yaşayan həmvətənlilərimizdən bəziləri müharibə səbəbindən  Azərbaycana qayıdıb.

 

Onlar arasında məktəbdə təhsilini yarımçıq qoyub gələn şəxslər də var.

 

Bu insanlar da öz növbəsində ölkəmizdə yerləşən müxtəlif təhsil müəssisələrinə müraciət edib.


AzEdu.az əməkdaşı  Ukraynadan gələn şagirdlərin yerləşdirilməkdə olduğu məktəblərin direktorları ilə ünsiyyətdə olaraq proses haqqında məlumat alıb:

 

8 nömrəli tam orta məktəbin direktoru Aytən Baxşıyeva qeyd edir ki, Ukraynadan gələn iki şagird təhsilini burada davam etdirəcək:

 

“Məktəbimizə iki şagird müraciət edib. Onlardan biri 1-ci sinifdə təhsil almaq istəyir, həmin uşağın sənədləri olmadığı üçün onun haqqında məlumatları Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərdik. Çünki onların Ukraynada olan evlərində hər şey yanıb, heç bir sənədləri özlərində deyil. Hətta həmin balacanın məktəbi də yanıb.

 

Digər şagird isə 9-cu sinifdə təhsilini davam etdirməlidir. O, 4-cü sinifə kimi bizim məktəbdə oxuyub, sonra isə ailəsi ilə bərabər  Ukraynaya köç edib. Şagirdin anası ukraynalı, atası isə türkiyəlidir. Onun sənədlərinin bir hissəsini tapmaq müəyyən qədər vaxt tələb edir.  Lakin hamısını əldə etmək mümkün olmadığı üçün onun da əlaqələrini BŞTİ-yə göndərdim. Lakin birinci sinifdə təhsil alan şagirdin ana və atası ukraynalı olduğu üçün  onunla bağlı sənədlər bizdə demək olar ki, yoxdur. Onun valideynləri ukraynalıdır və Bakıda yaxınları olduğu üçün buraya gəliblər.

 

Həmin uşaqlarla görüşmüşük. Onlar məndə çox müsbət təəssürat oyadıblar. 9-cu sinifdə oxuyan şagirdi yaxşı tanıyıram. Onun adı Eliza Cahangirbəyovadır.

 

Onların psixoloji durumuna da fikir verirəm. Balaca şagirddə elə bir hal müşahidə edilmir, lakin böyük şagirdə fikir verdikdə onda müəyyən psixoloji travmalar olduğunun fərqinə varıram. Diqqət edirdim ki, o baş verənlərə görə çox narahatdır. Lakin balaca şagird hələ də olanları dərk etmir.

 

Onlar danışdılar ki, biz evimizdən paltarlarımızı belə götürə bilmədik. Onların yaşadığı yerə və məktəblərinə bomba atılıb. Onlar heç  bu barədə danışmaq istəmir və baş verənləri yada salmaqda  çətinlik çəkirlər. Hər ikisi də Kiyev şəhərində yaşayıblar. Deyirdilər ki, şəhərimizi bombardımana tuturdular”.

 

İftixar Tağıyev adına  26 nömrəli tam orta məktəbin direktoru Yaqut Məmmədova söyləyir ki, Ukraynadan dönən iki qardaş təhsil üçün onlara müraciət edib:

 

“Bizə Ukraynadan gələn iki nəfər şagird müraciət edib. Lakin sənədləşmə prosesi ilə bağlı onlar hələ də təhsilə cəlb oluna bilməyiblər. İki qardaşın bizdə oxuması nəzərdə tutulub. Onlardan biri 5-ci sinifdə, digəri isə 6-cı sinifdə təhsil alır. Onların hər ikisi oğlandır: Əsgərov Tuncay və Əsgərov Rəşid. Onlar rus bölməsi üzrə təhsil almaq istəyirlər. Şagirdlərin anası ilə danışdıq və ona müraciət ərizəsinin yazılmasında köməklik etdik. O, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdi. Çünki oradan gəldikdə  yalnız şəxsiyyət vəsiqələrini götürüb çıxa biliblər. Valideynlər azərbaycanlı ailədi və Kiyev şəhərində yaşayıblar. Əvvəl ana gəlmişdi, sonradan isə ata da qayıdıb. Yaxın günlərdə ümid edirəm ki, şagirdlər  yerləşdiriləcək. Onlar Kiyevda Ukrayna dilində təhsil alıblar, lakin burada rus dillərində təhsillərini davam etdirəcəklər”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları