Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-30 11:24:00
ADNSU əməkdaşları beynəlxalq layihə çərçivəsində Fransada olub

Martın 14-19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də iştirak etdiyi (ADNSU) “UniLab” layihəsi çərçivəsində Fransanın Lille Universitetində tərəfdaş universitetlərlə görüşlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, Avstriya, İspaniya, Böyük Britaniya və digər ölkələrin partnyor universietlərindən olan nümayəndələrin iştirak etdiyi görüşdə ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova, Beynəlxalq Əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin İctimaiyyətlə Əlaqələr üzrə menceri Günel Tağıyeva iştirak ediblər.

 

4 gün davam edən görüşlərdə “UniLab” layihəsi çərçivəsində görülən işlər, qarşıda duran məsələlər müzakirə edilib, həmçinin layihə ilə bağlı görüləcək cari işlər, eləcə də partnyor şirkətlərlə əlaqələrin genişləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb, tərəfdaş universitetlərin şirkətlərdə təcrübə imkanları və karyera mərkəzləri haqqında fərdi təcrübələrindən danışılıb.

 

Görüş çərçivəsində həmçinin Avstriyanın Krems Universiteti  tərəfindən yaradılan “UniLab” portalının təqdimatı keçirilib. Portalın iş prinspi, əhəmiyyəti və istifadə imkanları iştirakçılara izah edilib. Təqdimatda həmçinin yeni portalın partnyor universitetlər, həmçinin şirkətlər və tələbələr üçün əhəmiyyətindən danışılıb, əsas imkanları və üstünlükləri haqqında məlumat verilib və iştirakçıların təklifləri dinlənilib. Görüşdə həmçinin tərəfdaşlar “akademik və elmi sahədə inkişaf” və “Tələbə portalı” haqqında təqdimatla çıxış ediblər. Sonda partnyor universitetlərlə şirkətlərin əməkdaşlığ imkanları, həmçinin birgə təlim və treninqlərin keçirilməsinin vacibliyi qeyd edilib. Həmçinin bəzi tərəfdaş universitetlərin tələbə və məzunlarının şirkətlərə təcrübəyə cəlb olunması və işlə təmin olunması istiqamətindəki çatışmazlıqlara toxunulub və mövcud problemlərin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Bundan əlavə görüş çərçivəsində iştirakçılar Lille Universitetinin laboratoriyaları, kitabxana və auditoriyalarında olub, süni intellekt və yüksək texnologiyalar üzrə elmi mərkəz və  digər tədqiqat mərkəzləri ilə tanış olublar.

 

Qeyd edək ki, ADNSU Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə 2020-ci il yanvarın 1-dən etibarən qoşulub.