Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 14:45:00
Meyiti tapılan tələbə intihar edib?- Atası danışdı

Xəbər verdiyimiz kimi, mart ayının əvvəllindən itkin düşən Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tələbəsi İlkin Qəmbərlinin meyiti tapılıb. Onun nəşi ötən gün dənizdə aşkar edilib.

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkinin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Meyiti tapılan tələbənin evdən qaçdığı, daha sonra özünü dənizə ataraq intihar etdiyi iddia olunur.

 

Modern.az-ın əməkdaşı itkin düşdükdən təxminən bir ay sonra meyiti tapılan tələbənin ailəsi ilə əlaqə saxlayaraq, iddialara aydınlıq gətirməyə çalışıb.

 

Mərhumun atası, Emil Qənbərli övladının evdən qaçması barədə deyilənlərin yalan olduğunu söyləyib.

 

“İlkin heç yerə qaçmayıb, evdən universitetə gedib, ondan sonra geri qayıtmayıb. Niyə öldüyünü bilmirik, hazırda araşdırma gedir”, - deyən E.Qənbərli oğlunun canına qəsd etməsinə səbəb olacaq problemlər yaşamadığını vurğulayıb.

 

O, həmçinin İlkinin Polşaya getməyə hazırlaşması haqda tələbə yoldaşlarının səsləndirdiyi fikirlərə də münasibət bildirib və bu barədə məlumatsız olduğunu söyləyib.

 

BDU-nun bundan öncə yaydığı məlumatda İlkin Qənbərlinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibi olduğu vurğulanmışdı. Lakin Güləş Federasiyasından verilən xəbər görə, İlkin Qənbərli bu idman növü ilə məşğul olsa da, milli komandaya yüksələ bilməyib və beynəlxalq turnirlərdə qalib olmayıb. 

 

İlkin tələbə yoldaşlarına və müəllimlərə dünya çempionu olduğunu, onun qazandığı uğurlara qiymət verilmədiyini, buna görə də kariyerasını və təhsilini Polşada davam etdirmək niyyətində olduğunu deyib. O, sonuncu dəfə martın əvvəlində tələbə yoldaşları ilə görüşüb, daha sonra yoxa çıxıb.