Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-11 14:04:00
Ukraynadan qayıdan tələbələrlə bağlı hansı addımlar atılmalıdır? -Deputat

 

Hazırda Ukraynada davam edə müharibə səbəbilə orada təhsil alan əcnəbi tələbələrin ölkələri tərəfindən təxliyə prosesi davam edir.

 

Həmçinin Ukraynanın müxtəlif şəhərlərində çox saylı azərbaycanlı tələbə də təhsil alır və onların ölkəmizə gətirilməsi istiqamətində müəyyən addımların atıldığı bildirilir. Bununla yanaşı, ölkəmizə təxliyə olunan və təhsili yarımçıq qalan məktəblilərin Azərbaycanın müxtəlif bölgələrində tədrisə cəlb olunması ilə bağlı məlumat yayıldı.

 

Bəs təhsili yarımçıq qalan azərbaycanlı tələbələrijn aqibəti necə olacaq? Bu istiqamətdə hər hansı addımın atılması, Milli Məclisin Elm və təhsil komitəsində mövzunun gündəmə gətirilməsi düşünülürmü?

 

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım AzEdu.az-a açıqlamasında təxliyə olunan tələbələrin yarımçıq qalan təhsilindən danışıb:

 

“Təbii ki, bu istiqamətdə hər hansı bir addım atılacaqdır. Düşünürəm ki, məsələ ilə bağlı hazırda araşdırmalar gedir. Bu mövzuda universitetlər və onların rəhbərlərilə bağlı müəyyən çətinliklər var, ancaq hamısı öz həllini tapacaq. Ümid edirik ki, hər şey yaxşı olacaq. Hazırda dəqiq hansı addımların nəzərdə tutulması haqqında bir şey deyə bilmərəm. Amma bilirəm ki, hər nə olursa olsun, qayğı göstəriləcək. Müharibə indi davam edir, tezliklə sülhün bərqərar olacağına ümid edirik. O zaman ölkəmizə təxliyə olunan bütün tələbələrin aqibəti yəqin ki, bəlli olacaq. Düşünürəm ki, onların təhsilləri belə yarımçıq qala bilməz”.

 

Deputat bu mövzu ilə bağlı vətəndaşların komitəyə müraciət edə biləcəyini qeyd edib:

 

“Əgər bu mövzuda müəyyən tələb olacaqsa, bu nəzərə alınacaq. Vətəndaşlar Elm və təhsil komitəsinə məsələ ilə bağlı mütləq müraciət edə bilərlər. Müraciətlər nəzərə alınaraq buna baxıla, səsləndirilə bilər. Biz cənab nazirin bu istiqamətdə hansı qərarları verəcəyini gözləyirik. Yəqin ki, bu günlərdə məsələ ilə bağlı konkret bir şey deyiləcək. Əgər olmasa, təbii olaraq Milli Məclis bütün vətandaşlar üçün açıqdır, məsələyə baxılması üçün hər kəs müraciət edə bilər”.