Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-02 12:29:00
“Bu qərar iki müxtəlif səbəblə verilə bilər”,“Siyasi qərarlar təhsilə yönəlməməlidir”-Ekspertlər rus tələbələrin qovulmasından DANIŞDI

 

Ukraynadakı vəziyyətlə əlaqədar olaraq rusiyalı tələbələrin Avropa universitetlərindən xaric edildiyi bildirilir.

 

Rusiya Elm və Təhsil Nazirliyinin Fransa, Çexiya, Belçika və digər Avropa ölkələrinin universitetlərindən qovulan rusiyalı tələbələrin hüquqlarını qorunması ilə bağlı tədbirlər gördüyü qeyd olunur.

 

Bəs hazırda Rusiyanın yerli əhalisinin bir qisminin belə Ukraynaya dəstək olduğu bir zamanda Avropa tərəfindən belə bir addımın atılması nə dərəcədə doğrudur? Bunu zəruri edən səbəblər nələrdir?

 

Mövzu ilə bağlı təhsil üzrə mütəxəssis Adil Vəliyev AzEdu.az-a açıqlamasında bu addımın iki fərqli səbəblə atıla biləcəyini qeyd edib:

 

 

“Son günlərdə Ukrayna və Rusiya arasında olan müharibə təəsüf ki, gözlənildiyi kimi tələbələrin təhsilinə də öz təsirini göstərdi. İstər Ukrayna, istərsə də Rusiyadan olan tələbələr dünyanın bir çox universitetlerində təhsil alır və ya ailələri ilə birlikdə yaşayırlar. Məlum olduğu kimi bir çox dövlətlər Rusiya vətəndaşı olan tələbələri universitetdən xaric ediblər. Mənim bu mövzuya 2 fərqli fikrim olacaq ki, bunlardan biri Rusiyaya qarşı olan sanksiyaları onların tələbələrinə də şamil edirlər və ya rus tələbələrə qarşı ola biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısını almaq üçün onları təhsil aldıqları universitetdən və ölkədən uzaqlaşdırırlar”.

 

Müharibənin mənfi təsirləri, təhsilə vurduğu zərbələrə diqqət çəkən xaricdə təhsil üzrə ekspert Nigar Rüstəmova AzEdu.az-a açıqlamasında rusiyalı tələbələrin qovulmasının doğru olmadığını bildirib:

 

“Rusiyanın Ukraynaya qarşı apardığı müharibə dünyanın diqqət mərkəzindədir. Təbii ki, bu məsələ bizi də narahat edir və dost Ukraynada baş verən hadisələri həyəcanla izləyirik. Təəssüf ki, müharibə itkisiz olmur, hər iki tərəfdən ölənlər və yaralananların olması döyüşlərin amansız xarakterindən xəbər verir. Dəhşətli məqam isə ondan ibarətdir ki, günahsız insanlar, uşaqlar, qadınlar, yaşlılar bu müharibədə həyatlarını itirlər. Digər tərəfdən dünya ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalardan ən çox əziyyət çəkənlər elə sadə vətəndaşlar olur. Ölkənin iqtisadi durumu pisləşdikcə, insanların yaşayış səviyyəsi aşağı düşür, yoxsulluq halları kəskin artır. Əlbəttə, bütün bunlarla yanaşı Qərbin hazırladığı sanksiyalar paketi təhsildən də yan keçmir. Son günlər yayılan məlumatlara əsasən, bir çox Avropa universitetləri Rusiya vətəndaşı olan tələbələri təhsil müəssisəsindən xaric ediblər, onlar ölkə rəhbərliyinin başlatdığı müharibə səbəbindən təhsillərini yarımçıq qoymalı olublar. Bu, məncə doğru yanaşma deyil. Bu gün Rusiyanın özündə də minlərlə insan müharibənin əleyhinə çıxaraq, kütləvi aksiyalar keçirir. Onlar günahsız ukraynalıların öldürülməsini istəmədiklərini deyirlər. Bu fakt onu göstərir ki, Rusiyanın sıravi vətəndaşları müharibənin əleyhinədirlər”.

 

 

Ekspert siyasi qərarların təhsilə yönəlməməli olduğunu vurğulayaraq, günahsız rusiyalı gənlərə qarşı bu addımı haqlı saymadığını bildirib:

 

“Eləcə də Ukraynada vətəndaşlar amansız müharibə nəticəsində hər an ölüm təhlükəsi ilə üz-üzədirlər. Doğrudur, mən həm dost ölkə olaraq, həm də ərazi bütövlüyünü bərpa etməyə çalışan Ukrayna xalqını ürəkdən dəstəkləyirəm. Lakin müharibədə heç bir günahı olmayan rusiyalı gənclərin təhsil sanksiyaları ilə üzləşməsini də haqlı saymıram. Müharibə siyasi maraqlardan irəli gəlir. Günahsız gənclərin arzularını, xəyallarını məhv etmək nə dərəcə də doğrudur? Kimliyindən və milliyyətindən asılı olmayaraq, heç kimə belə yanaşma tətbiq etmək olmaz. Əlbəttə, müharibə müvəqqətidir, ədəbi deyil. Bir müddət sonra döyüşlər dayanacaq. Bəs, ölən insanların, yaralanan dinc sakinlərin, təhsil arzuları puç edilmiş insanların haqqını ödəmək mümkün olacaqmı? Təbii, xeyir. İstənilən halda siyasi qərarlar təhsilə yönəlməməlidir. Onsuz da müharibəyə səbəb olan Rusiya rəsmilərinə ən kəskin formada qadağalar qoyulub və ölkə faktiki olaraq dünyadan təcrid edilib. Belə olan halda gənclərə güzəşt etmək ən doğru qərar olardı”