Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 12:16:00
Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ: “Uşaq məktəbə özünün seçdiyi ailə üzvü ilə getməlidir” 

Məktəbə getməklə uşaqlar yeni sosial mühitə girir, beləcə fərd  olaraq cəmiyyətdə inkişaflarının növbəti mərhələsi başlayır.

Mütəxəssislərin fikrincə, uşaqların məktəbə uyğunlaşma müddəti, orta hesabla, iki-üç  həftə davam edir. Bu müddəti uşağın sağlam bir şəkildə  keçirə  bilməsi isə fərdidir, yəni həmin şagirdin məktəbə nə qədər hazırlıqlı olduğu ilə əlaqəlidir. 

Bəs şagirdi məktəbə adaptasiya olması üçün necə hazırlamaq lazımdır?

Psixoloq Gülnar Səttarova AzEdu.az-a açıqlaması zamanı bildirib ki, uşaq məktəbə başladığında lazımi qədər fiziki, psixi, zehni və sosial yetkinliyə malikdirsə, ciddi çətinliklər yaşanmaz. Valideynlərdən ayrılıb məktəbə uyğunlaşana qədər uşağın emosional yetkinlik formasına keçməsi, xronoloji yaşına uyğun öyrənmə və qavrama bacarıqlarına sahib olması lazımdır:

“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması  çətinləşir. Yetərli  dərəcədə sosial təcrübəsi olmayan, ailəyə həddindən çox emosional  bağlılığı   olan  uşaqların  adaptasiya  müddətini çətin keçdiyi  müşahidə edilir. İki-üç  həftədə  adaptasiyası  reallaşmayan  uşaqlarda  məktəbə qarşı neqativ reaksiyalar getdikcə artır və dərs saatlarında müxtəlif ağrılar, qusma  kimi  “məktəb   fobiyası” deyilən problemlər üzə çıxır. Məktəbə getmədikdə isə bu problemin böyüməsinə  yol açır. Bu səbəblə uşağın dərsə davamiyyəti ilk günlər  özünün seçdiyi  ailə üzvlərindən biri ilə təmin olunmalıdır”.

Psixoloqun sözlərinə görə, uşaqlar məktəbə həm psixoloji, həm də akademik hazırlıqlarını tamamladıqları vaxt məktəbə uyğunlaşma müddəti daha az olur:

“Uşaqlarda psixoloji hazırlığın təmin olunması üçün onlarda qayğı  və sevgini paylaşma , sıra gözləmə, uğursuzluğa qarşı müqavimət bacarıqlarının inkişaf etməsi, anasından bağımsız (sərbəst) şəkildə hərəkət edə bilməsi, özgüvən hissinin   inkişafı və eyni zamanda yaşıdları və böyüklərlə oyun oynama bacarığının olması lazımdır. Ailələrin bu mövzularda diqqətli və tədbirli olması bu müddətdə uşaqların məktəbə hazır olmalarına müsbət təsir  göstərəcəkdir”.

Günel YAŞARQIZI